Çovdarın toxumu başqa payızlıq taxıllardan fərqli olaraq müsbət 0.5 dərəcə selsidən müsbət 2 dərəcə selsiyə qədər də cücərti vermə qabiliyyətinə malikdir. Toxumun cücərdilməsi üçün optimal temperatur 6-12 dərəcə selsi hesab edilir. İstiliyin 30 dərəcə selsiyə çatması cücərtinin inkişafını dayandırır. Vegetasiya dövründə istiliyin yüksək olması onun çiçəklənməsi, dən bağlanmasına da mənfi təsir edir və sünbüldə dənin seyrək olmasına səbəb olur. Çovdar arpa, buğda və vələmirə nisbətən soyuğa daha davamlı bitkidir.
Aparılmış müşahidələr nəticəsində müəyyən etmişlər ki, vegetasiya müddətində payızlıq buğda üçün orta hesabla 22 dərəcə selsi istilik tələb edilirsə, payızlıq çovdara 18 dərəcə selsi kifayət edir. Çovdar şaxtaya davamlı bitkidir. Aparılan təcrübələrdən aydın olmuşdur ki, çovdar 25-27 dərəcə selsi şaxtaya dözə bilir və məhv olmur.
Payızlıq çovdarın kök sistemi başqa taxıl bitkilərindən yaxşı inkişaf edir. Belə ki kollanma fazasının sonunda kök sistemi 1 metr dərinliyə işləyir. Bu da bitkinin torpağın dərin qatında olan nəmliyindən istifadə etməsinə şərait yaradır, həm də bitkilərin quraqlığa davamlılığını xeyli yüksəldir.
Çovdar torpağa az tələbkar bitkidir. Düzgün becərilmə şəraitində respublikamızın əksər taxılçılıq rayonlarında bu bitkidən yüksək məhsul almaq mümkündür. Çovdar yeni torpaqların istifadəsində birinci dəfə becərilən və yüksək məhsul verən bitkidir. Deməli, becərmə şəraitinə çox tələbkar deyildir. Bu bitki qida maddələrinə az tələbkardır. Çovdar payızlıq buğdadan fərqli olaraq sünbülləmə fazasından 10-12 gün sonra çiçəkləyir. Onun tozlanması külək vasitəsilə gedir (çarpaz tozlanandır). Çovdar dəni nisbətən tez tökülür.
6.3.4. AqrotexnikasıPayızlıq çovdarın aqrotexnikası payızlıq buğda bitkisinin aqrotexnikasına uyğundur.
Bu bitkini növbəli əkində dənli paxlalılar, qarğıdalı, kartof və s.-dən cərgəarası becərilən bitkilərdən sonra əkildikdə onun əkin sahələrindən yüksək məhsul götürmək olar. Payızlıq çovdar başqa payızlıq taxıllara nisbətən quraqlığa daha davamlı bitkidir. Buna baxmayaraq, çovdar bitkisini həm quraqlıq illəri, həm də alaqlara qarşı mübarizə aparmaq mümkün olmayan rayonlarda heriyə (biçindən sonra növbəti ilin payızına qədər boş qalan sahə) səpmək olar. Payızlıq çovdarı buğda, arpa, vələmirdən sonra da səpmək olar. Çovdar bitkisi payızlıq buğdaya nisbətən 1.5 dəfə çox kök sistemi əmələ gətirir. Bu da torpağın strukturu, onun su rejimini xeyli yaxşılaşdırır. Bu xüsusiyyətlərinə görə payızlıq çovdarın özü də bir çox tarla bitkiləri üçün yaxşı sələfdir. Payızlıq çovdarın kollanma dərəcəsi yüksək olduğu üçün alaq bitkilərini daha çox sıxışdırır, onları inkişaf etməyə qoymur. Bu da onun sələf kimi əhəmiyyətini xeyli yüksəldir.
Torpağın düzgün becərilməsi çovdar bitkisinin kök sisteminin yaxşı inkişaf etdirilməsi və onun yüksək məhsul verməsinə səbəb olur. Sahənin becərilməsi, rayonun torpaq-iqlim şəraiti və sələf bitkisi ilə əlaqələndirilməlidir. Düzgün becərmə tətbiq edildikdə torpağın strukturu, fiziki xüsusiyyətləri, nəmlik saxlama qabiliyyəti yaxşılaşır və mənimsənilən qida maddələrinin miqdarı xeyli yüksəlir.