Yulaf bitkisi taxıllar içərisində sərin iqlimdə daha yaxşı becərilən bitkidir. Daha çox sahil bölgələri, dağ ətəklərindəki düzənliklərdə yetişdirilir. Yulafdan yaxşı məhsul alına bilməsi bitkinin inkişaf dövründə havanın çox isti olmamasına bağlıdır. İllik yağış 700-800 millimetr olan yerlər yulaf üçün ən uyğun yerlərdir. Çox az nəmli yerlərdə yetişsə də, məhsulu yaxşı olmur. Belə yerlərdə lazımi qədər suyu ala bilməsi üçün köklər yanlar və dərinlərə doğru çox inkişaf edir. Qumlu bölgələr, quraq və isti yerlərdə su çatışmazlığı, xüsusilə, bitkinin inkişafı dövründə çox olur. Bu bölgələrdə yulaf elə vaxda səpilməlidir ki, quraqlığın başlayacağı dövrə qədər bitki tez inkişaf etdirilərək həmən dövr uğurla keçilə bilsin. Yulaf qışa o qədər də davamlı bitki deyil. Havanın temperaturunun -15 dərəcə selsiyə düşdüyü yerlərdə yulaf bitkisini yetişdirmək təhlükəlidir.
6.4.2. Torpağa tələbatıÇovdar bitkisi kimi yulaf bitkisi də qida maddələri az olan, kifayət qədər nəmlik olan torpaqlarda yetişir. Kök sistemi çox qüvvətlidir, yanlar və dərinlərə doğru yaxşı inkişaf edir. Çox ağır və havasız torpaqlarda torpaq səthinə yaxın köklər əmələ gətirilərək inkişafı təmin edilir. Gilli və qumlu, lakin humusu bol olan torpaqlarda nəmişlik lazım olan qədər olduqda məhsuldarlıq yaxşı olur. Yulaf bitkisi bataqlıq yerlərinin qurudularaq tarlaya çevrilməsini təmin edən əsas bitkidir. Yulaf bitkisi torpağın duzluluğu, davamlılığına görə arpadan da dözümlüdür.
6.4.3. GübrələməPeyin torpağın su tutmasını və havalanmasını yaxşı təmin etdiyindən yulaf bitkisi əkilən sahələrə verilməsi məsləhətdir (Şəkil 6.25). Gilli torpaqlarda əkilən yulaf bitkisinin hər hektarına 2-2.5 ton peyinin verilməsi yaxşı nəticə verir. Azot gübrəsinin davamlı olaraq yulafa verilməsi məsləhət deyil. Veriləcək gübrə miqdarı: orta hesabla 40 kiloqram azot, 40-60 kiloqram fosfor verilməlidir. Fosfor gübrəsinin hamısı, azotun isə üçdə biri toxumla birlikdə verilməlidir.
Buğda və arpadan fərqli olaraq yulaf bitkisi torpaqdan mənimsənilə bilən qida maddələri və sudan daha çox istifadə etmək gücünə malikdir. Xüsusilə, quraq bölgələrdə yulafın arpa və buğda yerinə əkilməsi doğru deyil. Yulafdan sonra da dərhal ara verilmədən digər taxılların yulafın yerinə əkilməsi düzgün deyil. Çünki yulaf sahənin suyundan tamamilə istifadə edir. Yulaf bitkisinin paxlalı yem bitkiləri ilə birlikdə qarışıq əkilməsi yem istehsalı üçün əhəmiyyət daşıyır. Yüksək məhsul əldə etmək üçün yulaf bitkisini elə əkmək lazımdır ki, qışa qədər ən azı 3-4 yarpaq əmələ gətirə bilsin. Əsasən, bu bitki əkin vaxtı əkin bölgələrinə görə təyin edilməli və oktyabr-dekabr aylarında hər hektara 150-180 kiloqram toxum əkilməlidir. Yulaf bitkisi biçildikdən 3-5 gün qurudulduqdan sonra yığılmalıdır.