Bunlardan başqa, tarlalarda alaq kimi yabanı növlərinə də rast gəlinir. Yabanı vələmir yulafca adlanır. Hal-hazırda becərilən vələmir sortlarından Bizantin-602, Sovetskiy, Pobeda, Lqovski və sairi göstərmək olar. Onların əksəri Mutikaaristata və aurea növmüxtəlifliyinə aiddir.
Respublikamızda becərilən payızlıq vələmir payızlıq buğda və arpaya nisbətən şaxtaya az dözümlüdür. Mənfi 10 dərəcə selsidən mənfi 12 dərəcə Selsiyə qədər cücərtiləri şaxtadan məhv olur. Vələmir bitkiləri nəmliyə çox tələbkardır. Cücərti verməsi üçün nəmlik toxumun çəkisinin 60-65 faizini təşkil etməlidir.
Vələmir uzun gün bitkisidir. Cücərdilməsi və inkişaf etdirilməsi üçün tələb etdiyi xarici şərait amilləri payızlıq buğda və arpadan azdır. Bitkilər çiçəklənmə zamanı yüksək hərarətə dözmür və onların süpürgələrində seyrək-dənlik və cılızlıq əmələ gəlir. Kollanma dərəcəsi ortadır. Süpürgə əmələgəlməyə 10-15 gün qaldığı dövrdən tam süpürgələməyə qədər suya daha çox tələbat hiss edir. Respublikamızda becərilən vələmir sortlarının yarovizasiya (yazlaşma) mərhələsi qısa olduğu üçün onu payızda, eləcə də yazda səpib məhsul almaq mümkündür. Vələmir öz-özünü tozlayan bitkidir.
Vələmir bitkilərindən yüksək məhsul götürmək üçün növbəli əkində onu mümkün qədər torpağı azotla zənginləşdirən bitkilərdən (noxud, tərəvəz noxudu, lobya, yempaxlası və s.) sonra becərmək lazımdır. Vələmiri taxıllar fasiləsinə aid olan bitkilərdən sonra da səpmək olar.
Kök sisteminin yaxşı inkişaf etdirilməsi üçün şumun dərinliyi 25-27 santimetr götürülməlidir. Şumun altına 5-7 ton yarımçürümüş peyin və 2 sentner super fosfatın (fosfor gübrəsi) verilməsi məhsuldarlığa müsbət təsir edir. Səpinqabağı becərmədə şum kultivasiya edilib mala çəkilir. Vələmir dənlərinin bir boyda olması və süpürgəsinin aşağı hissəsindəki dənlərinin iri olması nəzərə alınaraq toxumun səpinə hazırlanmasına daha diqqətlə yanaşmaq lazımdır. Vələmir dən üçün becərildikdə toxumu mütləq pas göbələklərinə qarşı dərmanlanmalıdır. Respublikamızda payızlıq vələmirin ən yaxşı səpin müddəti oktyabrın birinci dekadası (on günlüyü) hesab edilir. Onun tez və ya gec səpini bitkinin inkişafına mənfi təsir edir. Səpin dövrü havanın hərarəti müsbət 12 dərəcə selsidən müsbət 14 dərəcə selsiyə qədər ətrafında olmalıdır. Səpinin adi və darcərgəli üsulla aparılması tövsiyə edilir. Səpin zamanı səpən maşına əlavə şırımaçanların qoşulması suvarmanın şırım üsulu ilə aparılmasına imkan verir. Vələmirin optimal səpin norması 3.5-4 milyon ədəd cücərmə qabiliyyətinə malik toxum hesab edilir. Bu da çəki hesabı ilə 150-200 kiloqramdır. Toxumun basdırılma dərinliyi torpağın mexaniki tərkibindən və nəmlənmə dərəcəsindən asılı olaraq 4-6 santimetr götürülür.