Adından da məlum olduğu kimi yumşaq buğdalar bərk buğdalardan müxtəlif əlamətlərə görə fərqlənir. Yumşaq buğdanın yarpaqları tüklüdür, qılçıqları sünbüldən uzun olmur. Pulcuqlar gödəkdir, dəni sıx örtmür, çox vaxt dəni yerə tökülür və asanlıqla döyülür (dən sünbüldən asanlıqla ayrılır). Dənin rəngi qırmızı, qəhvəyi və sаrı, yаrımşüşəvаri, şüşəvаri və unlu оlur, nisbətən alçaqboyludur. Samanın içərisi boşdur. Yumşaq buğdalar bərk buğdalardan tez yetişir, xəstəliklərə qarşı davamsızdır, dəni yumşaq və yumrudur, xromosomların sayı 42-dir (Şəkil 1.15; Şəkil 1.17).
1.2.2. Regionlar üçün yumşaq buğda növünün inkişafı və istifadəsi
Respublikamızda taxıllar bütün regionlarda becərilir. Sovet hakimiyyəti qurulandan əvvəl respublikamızda becərilən əsas taxıl sortları təbiət tərəfindən yaradılan və insanlar tərəfindən müəyyən əlamətlərinə görə seçilən yerli sortlar olmuşdur. O dövrdə insanlar əkdikləri bir hektar sahədən 10 sentnerdən (1 tondan) yuxarı məhsul ala bilmirdilər. Çünki bu sortların tərkibində çoxlu qarışıq bitkilər olduğuna görə eyni vaxtda yetişmirdi və əkinçilər yığımı eyni vaxtda apara bilmirdilər. Nəticədə məhsuldarlıq aşağı olurdu. Zaman ötdükcə bu sortlar insanlar, sənayenin ehtiyacını ödəyə bilmədiyi üçün həm yumşaq, həm də bərk buğda növünə aid olan yeni sortların yaradılmasına ehtiyac daha da artmışdır. Bu məqsədlə 1930-cu illərdən başlayaraq ölkəmizdə kənd təsərrüfatı sahəsində çalışan alimlər yeni sortların yaradılması üçün müxtəlif üsullardan istifadə etməyə başladılar. 1932-ci ildən İ.D.Mustafayevin rəhbərliyi və S.H.Müftizadə, Ə.M.Məmmədovun iştirakı ilə yüksək məhsuldar və keyfiyyətli olan Sevinc, Cəfəri, Bol-buğda, Arandəni, Şərq, Arzu, arpalardan isə Palidium sortları yaradıldı. Eyni zamanda 1940-1950-ci illərdə Zoğalbuğda, Qızılbuğda, Mingəçevir, Rəsullu, Hibrid-186, Akti-7 sortları fərdi seçilmə (yəni sahədən sünbüllər tək-tək seçilməklə) və Triticum turgidum buğda növü ilə çarpazlaşdırılma (hibridləşdirilmə) yolu ilə yaradılmışdır. O dövrlərdə yumşaq buğda növünün regionlarda əkin sahələri bərk buğda növü ilə müqayisədə çox aşağı olmuşdur. Lakin 1960-cı illərin əvvəllərində respublikaya “Bezostaya-1”, “Qafqaz” və daha bir neçə məhsuldar yumşaq buğda sortlarının |