1.2.3. Bərk buğda növü (Triticum durum)
Azərbaycan Respublikasının ərazisi bərk buğdanın əsas yayıldığı regionlardan hesab olunur. Bərk buğdalar, əsasən, payız və yazda əkilir. Rus alimi N.İ.Vavilov digər xarici ölkələrlə yanaşı, Azərbaycanı da bərk buğdanın vətəni hesab edib. Çünki bərk buğdanın becərilməsi üçün respublikamızın torpaq-iqlim şəraiti çox əlverişlidir. Bərk buğdalar əlamətləri, görünüşü və digər əlamətlərinə görə yumşaq buğdalardan fərqlənir. Bərk buğdaların sünbülü dоlu, çox kobuddur (qalın, yoğun, enlidir), dəni bərk və sərtdir, dəni uzunsоv, ağ, qırmızı, аçıq və yа tünd kəhrəbа rəngində şüşəvаri оlur, qılçıqları isə sünbüldən uzun olur, paralel dik yuxarı qalxır (Şəkil 1.16; Şəkil 1.22). Dən xarici və daxili çiçək pulcuqları ilə sıx örtüldüyü üçün yetişəndə yerə tökülmür, xromosomlarının sayı 28-dir. Bərk buğdanın boyu hündür olur, sünbülün alt hissəsində samanın içində özək olur, yarpağı hamardır, gövdə, yarpaq və sünbüllər mum örtüklə örtülür. Həm bərk, həm də yumşaq buğda növünə aid olan bütün sortlar bir-birlərindən növmüxtəlifliyi, yəni sünbüllərin müxtəlif əlamətlərə malik olmaları, qılçıqlı-qılçıqsız, sünbül, qılçıq və dənin rəngi, tüklü-tüksüz olduqları və sairəyə görə fərqlənir. Bərk buğdanın dəni iri, uzun və şüşəvari olur. Bərk buğdanın unu yumşaq buğdanın unundan keyfiyyətli olduğu üçün daha çox makaron istehsalında istifadə olunur. Çörək bişirilən zaman bərk buğda unundan yumşaq buğda ununa qatanda çörək daha da keyfiyyətli olur. Bərk buğdalar yumşaq buğdalardan gec yetişir. |