Kənd təsərrüfatı bitkilərindən yüksək və sabit məhsul götürülməsinə yönəldilən aqrotexniki tədbirlər sistemində torpağın səpinə hazırlanması da böyük əhəmiyyətə malik olduğu üçün vaxtında aparılmalı və görüləcək işlər düzgün yerinə yetirilməlidir. Buğda əkinçiliyində torpaq hazırlığı bol və keyfiyyətli məhsul ala bilmək üçün ən əhəmiyyətli əməliyyatlardan biridir. Toxumun vaxtında və düzgün bir şəkildə əkilməsi üçün yaxşı bir əkin sahəsi hazırlanmalıdır. 2.1. Buğda növlərinin torpağa olan tələbatı və qidalanmasıBuğda çox fərqli torpaq tiplərində yetişdirilə bilən bir bitkidir. Demək olar ki, hər növ torpaqda yetişə bilən buğda növləri vardır. Yumşaq buğda növü qida maddəsi cəhətdən kasıb (Şəkil 2.2, Şəkil 2.3) və orta qidalılıqda olan torpaqlarda əkilib-becərilsə də, bərk buğda növü (Şəkil 2.4) (makaronluq) belə torpaqlarda zəif məhsul verir. Bərk buğdalar qida maddələri ilə zəngin olan torpaqlarda daha yaxşı məhsul verir. Buğda bitkisi üçün həm üzvi maddələrlə zəngin olan, həm də tərkibində kifayət qədər fosfor və əhəng olan torpaqlar tam uyğun torpaqlardır. Torpağın üzvi maddəsi artdıqca buğdanın məhsuldarlığı da artır. Yəni ağır, gilli olmayan və sututma qabiliyyəti 25-30 faiz olan torpaqlar buğda üçün yaxşı torpaqlardır. Tərkibində turşuluğu çox olan torpaqlarda buğda bitkisi yaxşı inkişaf etmir, əsasən, yüngül və orta əhəngli torpaqlarda yaxşı bitir və inkişaf edir. Uzun müddət dincdə qalmış torpaqlarla heç vaxt əkilməyən torpaqlar humusla (humus - bitki və heyvan qalıqlarının çürüməsi nəticəsində əmələ gəlir) zəngin olduqlarından və üst təbəqələri tamamilə qidalı olduğundan buğda üçün ən uyğun torpaqlardır. Buğda yetişdirilməsi nəzərdə tutulan torpaqda havalanma yaxşı olmalıdır. Bitkilərin böyüməsi, inkişaf etməsi və yüksək məhsul verməsi üçün onların normal qidalanması vacibdir. |