Bitkilərin inkişafı dövründə istiliklə yanaşı, lazım olan digər əsas amillər nəmliyin və işığın olmasıdır. Buğda toxumunun ilk cücərən dövründə istilik 10 dərəcə selsi, torpaqda nəmlik 60-70 faiz olduqda buğda normal inkişaf edir. Bu dövrdə bitkinin inkişafı üçün çox işıq lazım deyil.
Regiondan asılı olaraq buğda bitkisi elə əkilməlidir ki, toxumlar tam cücərsin, qış dövründə şaxtaya qarşı davamlı olsun və yazda sürətli bir şəkildə yenidən böyümələrini təmin edə bilsin.
2.3. Növbəli əkinin tətbiqinin əhəmiyyəti
Respublikada əhalinin ərzaq məhsullarına olan tələbatını tam ödəmək üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi çox vacibdir. Bu baxımdan ölkəmizdə əhalini ərzaqla daima təmin etmək üçün vacib sahə olan taxılçılığın inkişafı daim diqqət mərkəzində saxlanılır. Respublikamızda əhalinin tələbatını özümüzün istehsalımız hesabına tam ödəmək üçün taxılçılıqda mütləq məhsuldarlığı yüksəltmək lazımdır. Bunun üçün əkinçilikdə torpaqdan düzgün istifadə edilməli, ən azı fiziki əmək və az xərc (pul) sərf etməklə çox məhsul almaq lazımdır. Əkin sahələrinin düzgün istifadə edilməsi, torpaq münbitliyinin artırılması və becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi üçün aparılan aqrotexniki tədbirlər içərisində növbəli əkinlərin tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir. Kənd təsərrüfatı bitkilərinin elmi cəhətdən əsaslanlaşdırılmış qaydada tarlada bir-birini əvəz etməsinə növbəli əkin deyilir. Növbəli əkində bitkilərin düzgün qaydada növbələşdirilməsi torpaqda qida maddələrinin miqdarını artırır, torpaqların eroziyadan qorunması, alaq otlarına, xəstəlik və zərərvericilərə qarşı düzgün mübarizə aparılmasını təmin edir və məhsuldarlığı artırır (Cədvəl 2.1.). Cədvəldən göründüyü kimi 1-ci il yonca əkilib, 5 ildən sonra yonca öz yerinə qaytarılıb. |
4-cü ildə isə birinci olaraq payızlıq buğda əkilib, 5 ildən sonra yenidən öz yerinə qaytarılıb. Buna beş tarlalı əkin dövriyyəsi deyilir. Mükəmməl növbəli əkin sxemləri işlənib hazırlanarkən məhsuldar bitkilər seçilməli, seçilmiş bitkilər yaxşı sələflərdən (özündən əvvəl əkilən bitkilər) sonra əkilməsinə diqqət yetirilməlidir. Növbəli əkində bitkilərin bir-biri ilə əlaqələndirilməsi və necə növbələndirilməsi, torpağın münbitliyi, məhsulun miqdarı, həmçinin, növbəli əkinlərin müxtəlif tip və növlərinin hansının daha yaxşı məhsuldar olmasına ciddi fikir verilməlidir.