2.3.1. Əkin dövriyyəsinin aqrotexniki əsasları
İntensiv (müasir) əkinçilik sisteminin ən mühüm sahələrindən biri əkin
dövriyyələridir. Təsərrüfatların inkişaf planları və əkin sahələrinin quruluşuna uyğun
olaraq müəyyən ərazinin əkin sahələrində illər üzrə bitkilərin növbə ilə əkilməsi, torpağın
buna uyğun olaraq becərilməsi və gübrələnməsi sisteminə dövtasiya (əkin) dövrü deyilir. Əkin
dövriyyəsi üçün təsərrüfatlarda müəyyən torpaq sahələri ayrılır və bərabər tarlalara
bölünür. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması və torpaq münbitliyinin
qorunub saxlanması, əkin dövriyyəsində bitkilərin düzgün növbə ilə əkilməsinin mühüm
əhəmiyyəti vardır. Taxılçılıqda məhsuldarlığın artırılmasında ən önəmli aqrotexniki
tədbirlərdən biri növbəli əkin dövriyyəsinin tətbiqidir. Bitkilərin növbə ilə əkilib əvvəlki
yerinə qaytarılmasına rotasiya, buna sərf olunan dövrə isə rotasiya dövrü deyilir.
Təsərrüfatın əkin planına uyğun olaraq növbəli əkində iştirak edəcək bitkilər seçilərək
cədvəli hazırlanır (Cədvəl 2.1). Müəyyən edilib ki, növbəli əkin sisteminin tətbiqi torpağın
təbii münbitliyini artırır və bununla da becərilən kənd təsərrüfatı bitkilərinin
məhsuldarlığı yüksəlir. Bəzi bitkilər (payızlıq buğda (Şəkil 2.2, Şəkil 2.3, Şəkil 2.4,
Şəkil 2.8, Şəkil 2.10), şəkər çuğunduru (Şəkil 2.11) və s.) torpağa toksinlər (zəhər) ifraz
edir. Belə bitkilər həmin sahəyə təkrar əkildikdə bitkinin torpağa buraxdığı toksinlər
(zəhər) bitkilərin inkişafına mənfi təsir edir. Nəticədə qida çatışmazlığı yaranır (Şəkil
2.12).
|
Şəkil 2.11. Şəkər çuğunduru
Şəkil 2.12. Bir neçə il eyni yerə əkilən taxıl sahəsi
|