Yüksək məhsul götürmək üçün bitkilərin yaxşı inkişaf etdirilməsinə səbəb toxumluq materialın keyfiyyətli olmasıdır. Yaxşı məhsul götürmək üçün mütləq səpin aparılan rayonun iqlim şəraitinə uyğun olan toxum əkilməlidir. Müxtəlif kənd təsərrüfatı bitkilərindən hər il yüksək məhsul götürən qabaqcıl təsərrüfatların təcrübəsi göstərmişdir ki, həmişə yüksək məhsul götürməyə səbəb toxumun düzgün seçilməsi, təmizliyi və cücərdilmə qabiliyyətinin yüksək olmasıdır. Məsələn, Beyləqan rayonunun torpaq-iqlim şəraitinə uyğunlaşdırılmış toxumların səpilməsi nəticəsində yığılan məhsul bu rayonun torpaq-iqlim şəraitinə yaxşı uyğunlaşdırılmayan və keyfiyyəti aşağı olan toxumların məhsulundan 20-30 faiz və daha çox artıq olur. Buna görə də hər bir təsərrüfat rəhbəri səpin aparmadan qabaq sortun düzgün seçilməsini təmin etməlidir. Əgər sort suvarma şəraitində əkiləcəksə, sortun boyu 90-100 santimetr, suvarılmayan dəmyə şəraitində əkiləcəksə, 110-120 santimetr olmalıdır. Bitkinin bir il ərzində yaxşı inkişaf etdirilməsi üçün səpin üsulu düzgün seçilməli, əkin sahələri müşahidə olunan alaqlara qarşı vaxtında dərmanlanmalıdır. Çünki bu işlər gələcəkdə yaxşı məhsulun alınması üçün xüsusi əhəmiyyətə malikdir.
Müasir dünyanın qarşısında duran və həlli olduqca vacib olan məsələlərdən biri bəşəriyyətin üzləşdiyi ərzaq problemidir. Dünyada taxıl məhsullarına hər gün tələbat artır. Əkin sahələri müxtəlif səbəblərdən azalır, dünyada əhali artır və sonda ərzaq qıtlığı yaranır. Ərzaq qıtlığı olmaması üçün hər hektar sahədən daha çox məhsul almaq lazımdır. Məhsuldarlığı və ümumi məhsul istehsalını artırmaq üçün mütləq, ilk növbədə, məhsuldar sortlar əkmək lazımdır. Bunun üçün standartlara cavab verən toxumlardan istifadə olunmalıdır. Elmi təcrübələr nəticəsində müəyyən olunmuşdur ki, yüksək keyfiyyətli toxumlarla səpin aparılmış sahələrdən alınan məhsul keyfiyyətsiz toxumla əkin aparılan sahələrdən alınan məhsuldan 20-25 faiz artıq olur. Respublikamızın torpaq-iqlim şəraitinə uyğun olmayan toxumlarla səpin aparıldıqda həmin sahəyə nə qədər yüksək aqrotexniki qulluq göstərsən də, yenə də məhsuldarlıq aşağı olacaqdır. Cücərmə enerjisi və cücərmə qabiliyyəti aşağı olan toxumların cücərdilməsi və inkişafı da çox zəif olur.
Əkin sahəsində bütün əlverişli şərait yaradılmasına baxmayaraq, yüksək məhsul almaq toxumun repreduksiyasından (cavan, yaxud qoca olmasından) daha çox asılıdır. Cavan olmayan və keyfiyyəti aşağı olan toxumdan yüksək məhsul almaq mümkün deyil. Əgər toxumlar alaq otları və digər qarışıqlardan təmizlənməyibsə, səpindən sonra çıxan alaq otları bitkinin normal inkişaf etməsini ləngidəcəkdir. Bunun üçün yalnız taxılçılığın inkişafında sertfikatlı (sənədi olan) toxumdan istifadə olunmalıdır.
Toxum - kənd təsərrüfatı bitki sortunun təkrar istehsalı üçün istifadə edilən bitkilərin generativ (toxum) və vegetativ (çiling, ting, şitil, soğanaq, kök yumruları və s.) orqanıdır.