Toxumların səpin üçün yararlılıq keyfiyyətini göstərən mühüm göstəricilərdən biri cücərmə qabiliyyətidir. Məsələn, cücərdilmək üçün götürülmüş 100 ədəd toxumdan 85-i cücəribsə, demək cücərmə qabiliyyəti 85 faizdir. Buna əsasən toxumların səpin üçün yararlılığı təyin edilir və səpin norması müəyyənləşdirilir.
Toxumların eyni ölçülü və bərabər olması cücərtilərin bir vaxtda çıxması, sonradan onların bərabər inkişaf etməsi və bir vaxtda yetişməsini təyin edir. Toxumlar bərabər olmayanda dənli bitkilərin sünbülündə boya və ölçücə bərabər olmayan toxumlar əmələ gəlir.
Toxumlar sünbülün orta hissəsində iri, üst və alt hissəsində xırda olur. Döyəndə (təmizləyəndə) müxtəlif cür dənlər alınır və səpiləndə cücərtilər bir vaxtda çıxmır, keyfiyyətcə müxtəlif cücərtilər alınır. Buna görə də toxum materiallarını həm alaqların toxumları, həm də başqa qarışıqlardan təmizləmək, hətta onu diqqətlə seçib bərabər toxumları götürmək lazımdır. Bərabərləşdirilmiş, yəni hamısı eyni olan toxumların səpilməsi daha yüksək məhsul verir.
Toxumlar sağlam, yəni xəstəlik və ziyanvericilərlə yoluxmamış olmalıdır. Toxumları dərmanlamaq və düzgün saxlamaq lazımdır. Əgər toxumlar xəstəliklərə yoluxmuş və ziyanvericilərlə zədələnmiş olsa, onda əkinlərə böyük ziyan vuracaq və məhsul çox az olacaqdır.
Toxumun tərkibində olan rütubətin çox olması da əkin materialına böyük ziyan vurur. Toxumun rütubətliliyi 14 - 15 faizdən artıq olmamalıdır. Rütubətlilik toxumun tərkibində normadan çox olarsa, toxum tənəffüs prosesində öz-özünə qızışır və cücərdilmə qabiliyyətini itirir. Nəticədə anbar gənəsi onları asan zədələyir, səpin üçün və həm də ərzaq üçün yararsız hala düşür.
3.2.2. Toxumların dərmanlanması
Müxtəlif qarışıqlardan təmizlənmiş və seçilərək bərabərləşdirilmiş toxumları səpməzdən əvvəl kənd təsərrüfatı bitkiləri üçün qorxulu olan xəstəliklərə qarşı dərmanlayırlar. Bunlardan ən qorxulusu olan sürmə xəstəliyi məhsuldarlığı ən azı 20 faiz aşağı salır. Sürmənin bir neçə növü vardır ki, onlardan da ən çox yayılanı bərk (Şəkil 3.4) və toz (Şəkil 3.5) sürmədir. Bitkilər bərk sürmə toxumlar vasitəsilə yoluxur. Toz sürməyə isə taxıllar çiçək açanda yoluxur, bu zaman sürmə sporları xəstə sünbüllərdən sağlam bitkilərin çiçəklərinə düşür və bitkini yoluxdurur. Sürmə xəstəliyinin növündən asılı olaraq dərmanlama yaş, quru və yarımquru üsullarla aparılır (Şəkil 3.6). |