3.3. Sortun seçilməsi
Yüksək keyfiyyətli bərk və yumşaq buğda istehsalını artırmaq üçün regionların torpaq-iqlim şəraitində yüksək keyfiyyətli məhsulvermə qabiliyyətinə malik olan sortlar seçilməli və onların əkin sahəsi genişləndirilməlidir. Respublikamızda taxıllar, əsasən, 2 cür torpaq-iqlim şəraiti, suvarma və dəmyədə becərilir. Yumşaq buğdalar bərk buğdalara nisbətən ekoloji cəhətdən daha plastik (dözümlü) olduğundan demək olar ki, respublikamızın bütün regionlarında həm dəmyə, həm də suvarma şəraitində əkilib becərilir. Bərk buğdalar istisevən bitki olub isti iqlimli düzən və dağətəyi regionlarda becərilir. O cümlədən, suvarılmayan, yağışın hesabına nəmliklə az təmin olunan regionlarda daha çox əkilir. Çünki bu zonaların iqlim-torpaq şəraiti bərk buğdaların bioloji xüsusiyyətlərinə daha çox uyğun gəlir. Respublikamızın az yağış yağan quraq dəmyə bölgələrində payızlıq taxılların məhsuldarlığını azaldan əsas şərt yağışların az yağmasıdır. Ona görə də bu regionlarda quraqlığa davamlı olan sortlar seçilib əkilməlidir. Payızlıq bərk buğdalar bu zonalarda vaxtında əkilməlidir ki, bitki payız, qış və yaz yağışlarından istifadə edə bilsin. Çünki bu zonalarda suvarma suyu olmadığı üçün taxıl sahələrini suvarmaq mümkün olmur. Buna görə də bərk buğdalar susuzluğa qarşı daha çox dözümlü olduğu üçün belə regionlarda bərk buğda növünə aid olan Qaraqılçıq 2, Bərəkətli 95, Qarabağ bərk buğda sortları (Şəkil 3.7), yumşaq buğdalardan isə Azəri, Əzəmətli-95, Qobustan, Aran, Murov-2, Tale-38 (Şəkil 3.8) sortlarının daha çox əkilməsi məqsədəuyğun hesab olunur. Hər bir bölgənin torpaq-iqlim şəraiti nəzərə alınmaqla əkin üçün sortların düzgün seçilməsi gələcəkdə yaxşı məhsul alınmasının əsasını təşkil edir. Buna görə də əkiləcək sortlar düzgün seçilməlidir. |