Toxumlar torpağa elə səpilməlidir ki, onlar rütubət, istilik və hava ilə tamamilə təmin olunsun. Toxumların basdırılma dərinliyi toxumun iriliyi, səpin zamanı torpağın rütubəti, torpağın mexaniki tərkibi və bitkinin növündən asılıdır. Toxumlar nə qədər xırda olsa, onları o qədər də dayaz basdırmaq lazımdır, çünki onlardakı qida maddələrinin ehtiyatı, cücərtilər torpağın səthinə çıxana qədər qurtara bilər. İri toxumlar dərin basdırılır. Rütubətli torpaqlarda toxumlar dayaz, quru torpaqlarda dərin basdırılır. Toxumların basdırılma dərinliyi bitkilərin bioloji xüsusiyyətlərindən də asılıdır. Payızlıq taxılların toxumları dərin basdırılır ki, onların kollanma hissəsi dərinə düşsün və şaxtadan bitkini qoruya bilsin. Toxumları torpağa normal dərinlikdə basdırmaq üçün əsas şərt sahənin səthinin hamarlanmış olmasıdır. Əgər sahənin səthi hamar olmasa, kəsəkli olsa, toxumsəpən maşın toxumu bərabər dərinliyə səpə bilməyəcək.
Alaq otları mədəni bitkilərə nisbətən qeyri-əlverişli şəraitə (şoranlıq, istilik, torpaq sıxlığına) daha çox davamlıdır. Alaq otlarının kökü torpaqda buğda, arpa və digər mədəni bitkilərə nisbətən daha çox inkişaf edir. Belə ki qızılqanqalın kökü 7 metr, çölsarmaşığınınkı 3 metr, yovşanınkı 2 metr, dəvətikanınkı isə torpağın daha çox dərinliyinə gedir. Onların inkişaf etmələri üçün qida maddələrindən və sudan səmərəli istifadə edir. Alaqlar öz nəsillərini artırmaq üçün külli miqdarda toxum yetişdirir. Məsələn, ağtəpənin bir bitkisi 100 min, şoranca 200 min, sirkan 100 min, qızıl pencər 500 min, şüvərək isə 700 mindən çox toxum verir. Aparılan tədqiqatlar göstərmişdir ki, 1 hektar sahənin şum qatında (25 santimetr dərinlikdə) 300 milyondan 3.4 milyarda qədər alaq bitkilərinin toxumları vardır. Alaq otlarının toxumları şum qatının 10-30 sm dərinliyində müxtəlif şəkildə toplanır.
Alaqların əkin sahələrindən qəbul etdiyi qida maddələri digər bitkilərin qəbul etdiyindən daha çox olur. Belə ki qızılqanqal taxıla nisbətən torpaqdan 1.5 dəfədən çox azot, 2 dəfədən çox kalium, yovşan 2 dəfədən çox su, qanqal isə bir hektardan 140 kiloqram azot, 30 kiloqramdan çox fosfor və 120 kiloqram kaliumdan istifadə edir. Yüksək məhsul almaq üçün sahələrdə yayılan alaqlara qarşı mübarizə aparmaq tələb olunur. Bu işdə səmərəli kimyəvi pereparatlardan – herbisidlərdən istifadə edilir. Herbisid sözünün mənası latınca herba - ot, sido - tələf edirəm deməkdir (Şəkil 3.18).
Herbisidlərin sahələrə tətbiq olunması müxtəlif vaxtlarda həyata keçirilir. Herbisidlər payız, qış, yaxud erkən yazda səpinqabağı, səpinlə birlikdə və səpindən sonra tətbiq edilir. Herbisidlərin alaqların zəif, həm də herbisidə həssas olan dövründə çilənməsi yaxşı nəticə verir. Taxıl sahələrində herbisidlərin çilənməsi bitkilərin kollanma və ya boruya çıxarılma mərhələsinin başlanğıcına qədər qurtarmalıdır.