Daha yüksək temperatur şəraitində bitkinin inkişafı sürətlənir, quru maddələrin toplanma dövrü qısalır və nəticədə taxıl məhsulu azalır. Payızlıq buğdanın inkişaf dövrü iyunun birinci yarısında başa çatır. Tədqiqatçılara görə payızlıq buğdanın ayrı-ayrı inkişaf mərhələlərində müxtəlif miqdarda effektiv temperatur lazımdır.
4.2. Bitkilərin inkişaf fazalarıKənd təsərrüfatı bitkilərinin böyüməsi zamanı onlara ayrı-ayrı aqrometeoroloji şəraitin təsirini düzgün müəyyənləşdirmək lazımdır. Bitkilərin həyatında onların cücərdilməsindən başlayaraq toxumlarının yetişdirilməsinə qədər xarici mühit amillərinin təsiri nəticəsində bir çox dəyişikliklər müşahidə olunur. Kənd təsərrüfatı bitkilərinin toxumları səpiləndən sonra cücərdilir, cücərtiləri böyüyür, yarpaqlanır, budaqlanır, gövdəsi böyüyür, qönçələnir və çiçək qrupları əmələ gəlir, çiçək açır, meyvə verir və yeni toxumlar əmələ gəlir. Hər bitkinin özünəməxsus inkişaf fazaları vardır. Təsərrüfatda becərilən başlıca kənd təsərrüfatı bitkilərinin fazalarının öyrənilməsinin istehsalat əhəmiyyəti vardır. Bitkilərin inkişaf fazaları və bitkilərin vəziyyətini müşahidə etmək üçün təsərrüfatda əsas bitkilər götürülür, məsələn, payızlıq taxıl, pambıq, qarğıdalı, mədəni yem otları, müxtəlif meyvə ağacları, üzüm tənəkləri. Aqronomun məsləhətinə görə fermer şəraitində bitkilərin miqdarı və müşahidənin keçirilməsi dəyişdirilə bilər. Hər bitki növünün özünəməxsus inkişaf fazası və bu fazaların müəyyən əlamətləri vardır. Dənli bitkilərin (arpa, buğda,) aşağıdakı inkişaf fazalarının tarixini qeyd etmək lazımdır.
Payızlıq buğda 1-2 dərəcə selsi temperaturda cücərdilə bilir. Lakin kütləvi halda cücərtilərin alınması üçün 12-15 dərəcə selsi temperatur lazımdır (Şəkil 4.3.). Səpindən sonra dənin cücərdilməsinin tarixi qeyd edilməlidir. Bu məqsədlə əkin sahəsinin iki yerindən bir neçə dən çıxarılır və onlar ehtiyatla torpaqdan təmizlənir. Toxumların cücərdilməyə başlanmasının tarixi qeyd edilir. Əgər səpilən toxum 10 gün və ondan çox müddət ərzində cücərdilməzsə, o zaman səbəbini araşdırmaq lazımdır. Müəyyən olunmuşdur ki, torpaqda rütubət normal olduqda bitkilərin cücərdilməsində heç bir çətinlik olmur.