Mütəxəssislərin fikrinə görə, adətən, Abşeron ərazisində buğda sortlarının boruya çıxarılması fevralın axırı və mart aylarına təsadüf edir. Havaların payız və qış aylarında mülayim (isti) olması bitkilərin boruya çıxarılmasına səbəb olur. Gövdə böyüyən zaman onun başlanğıcında boru əmələ gəlir. Bu fazanı aşağıdakı əlamətlərə görə təyin edirlər. Sahənin müxtəlif yerlərindən kökləri ilə birlikdə bir neçə bitki çıxarılır. Bitkilər torpaqdan təmizləndikdən sonra əsas gövdəni iti bıçaqla uzununa kəsmək lazımdır. Bu zaman bitkilərin yarpaqlarının altında gövdənin bir qədər şişmiş hissəsi görünür. Artıq demək bitki boruya çıxıb. Bu zamanda gövdədə gələcək sünbülün əlamətləri əmələ gəlir ki, bunu zərrəbin (böyüdücü) ilə daha tez görmək olar. Payızlıq taxılların boru atması, adətən, yazda taxıl oyanandan sonra başlayır. Aran rayonlarında qeyri-adi havaların keçməsində taxılların payızda boru atma fazasına rast gəlmək olur. Bitkilərdə hava şəraitindən asılı olaraq boruya çıxma fazası 30-45 gün müddətinə başa çatır. Boruya çıxma fazasında havanın temperaturu aşağı, yağıntının miqdarı isə çox olanda bu faza gec, əksinə olanda isə 1-10 gün müddətindən tez başa çatır. Demək bu fazada yağışın yağmaması və havanın temperaturunun yüksək olması daha yaxşıdır.
Gövdə yarpaqlarında ilk sünbülün görünməsi sünbülləmə fazasının əlamətidir (Şəkil 4.7). Müəyyən olunmuşdur ki, havanın temperaturundan asılı olaraq sünbülləmə bitkilərdə orta hesabla 3-10 gün müddətində başa çatır. Sünbülləmənin başlanğıcı və son mərhələsi var. Məsələn, Mirbəşir-50 bərk buğda sortunun əkin sahəsində əgər aprel ayının 25-də 5-10 sünbül görünürsə, bu sünbülləmənin başlanğıcı hesab olunur. Artıq sahənin 70-80 faizi tamamilə sünbülləyibsə, bu, tam sünbülləmə mərhələsi adlanır (Şəkil 4.8). Qeyd olunduğu kimi aprel ayının 25-də başlanan sünbülləmə temperaturdan (havanın istiliyindən) asılı olaraq may ayının 5-ə qədər tam başa çatmalıdır. Müəyyən edilmişdir ki, sünbülləmə fazasının inkişafı dövründə temperaturun yüksəlməsi, yağıntının miqdarının azalması bitkilərin sünbülləməsinin tez başa çatmasına səbəb olur.