Günəşli, mülayim və sakit hava şəraitində buğdanın sünbülləməsi başlayır, yəni buğdanın sünbülündə erkəkciklər görünür. Buludlu havada çiçəkləmə əlamətlərini müəyyənləşdirmək məqsədilə orta hissəcikdən sünbülcüyü ayırmaq və sancaq vasitəsilə sünbülcükdən pulcuğu aralamaq lazımdır. Toz kisəsinin partlaması çiçəkləmənin başlamasını göstərir (Şəkil 4.9).Bu tozcuqlar vasitəsilə bitki həm özünü, həm də digər bitkiləri tozlandırır (yeni dənin əmələgəlməsinin başlanğıcı hesab olunur). Nəticədə bitki çiçəkləmə dövrünü bitirdikdən sonra bitkidə mayalama dövrü başlayır. Bitkidə təzə dən (sünbüldə toxum) əmələ gəlir. Mütəxəssislərin fikrinə görə çiçəkləmənin davam etməsi iqlim şəraiti, rütubət, sortun xüsusiyyətlərindən asılı olaraq dəyişir və isti havada tez başa çatır.
Bu fazada bitkinin aşağı yarpaqları saralır, yuxarı yarpaqlar yaşıl qalır (Şəkil 4.10). Dən yaşıl rəngdə olur, tərkibində 50 faizə qədər su olur və dəndə qida maddələrinin toplanması davam edir (zülal, kleykovina, nişasta və s.). Bu zaman dənlərin normal böyüməsi üçün torpaqda kifayət qədər nəmlik (su) olmalıdır. Sütül fazasında dən tam böyüklüyə çatır, lakin onun rəngi hələ yaşıl və yarımmaye halda süd ilə dolur. Bunu müşahidə etmək üçün sünbüldən götürülmüş dən iki barmağın arasında sıxılaraq maye maddə xaricə çıxarılır. Arpa dənindəki yarımmaye maddə yumurta ağı kimi yarımbişmiş sarımtıl rəngdə olur, buğdanınkı isə qatı süd rəngində olur. Beləliklə, müəyyən edilmişdir ki, 9-10 gün müddətində bitkilərdə sütül yetişkənliyi dövrü havanın temperaturundan asılı olaraq başa çatır. Bu dövrdə yağıntının miqdarı az olsa, daha yaxşı olar.