4.2.9. Mum yetişkənliyi dövrü
Bu fazada dən və bitki saralır, suyun miqdarı 25-30 faizə qədər azalır və dən dırnaqla asan kəsilir (Şəkil 4.11). Bu dövrdə yığılmış dəni havada sərib qurutduqda o, cılızlaşır və büzüşür. Arpa dənini dırnaqla basdıqda o qırılır, dəndəki bərk qatı maddə xəmirə oxşayır, asan yumrulaşır və barmağa yapışmır. Bunları yoxlamaq üçün hər bir sünbüldən 2 ədəd dən götürülür. Bitkilər, adətən, mum dövründə saralır, ancaq bəzən qeyri-adi havalarda, yəni quru küləklər əsəndə bitki vaxtsız tez saralır. Belə vəziyyətdə dən quruyan zaman büzüşür və mum dövrü fazasının vaxtsız başa çatması kimi qeyd edilir. Əslində bitkilərdə mum yetişkənliyi dövrü 8-10 gün müddətinə başa çatmalıdır.
4.2.10. Tam yetişkənlik dövrü
Bu fazada dən bərkiməyə başlayır, dırnaqla basdıqda iz qalmır, bıçaqla kəsilmir, ancaq qırılır (Şəkil 4.12). Sünbülə əl vurduqda dən tökülür. Əgər mum dövründən sonra yağışlı hava olub və belə hava şəraiti davam edərsə, zəmilərdə dən tam yetişməyə də bilər. Tam yetişmə dövrü bitkilərdə 7-11 günə başa çatır. Yəni bitki mum yetişkənliyi dövrü bitdiyi gündən 7-11 günə tam yetişir. Məsələn, əgər iyun ayının 15-də mum yetişkənliyi dövrü bitibsə, bitki uzağı iyun ayının 26-a qədər tam yetişməlidir. Yalnız hava şəraitinin pis (yağıntılı) olması yetişmənin müddətini uzada bilər. Bu faza başa çatdıqda dərhal məhsul yığılmalıdır. |