Orqanizmlər qidasız yaşaya bilmədiyindən xarici mühitdən daim qida maddələri alır. Qidalanma sayəsində orqanizm böyüyür, inkişaf edir və çoxalır. Qidalanma ətraf mühitdən həyat fəaliyyəti (yaşaması) üçün lazım olan qida maddələrinin udulması və mənimsənilməsi (istifadə edilməsi) prosesidir. Bitki hüceyrələrinin tərkibinin əsas hissəsini su təşkil edir. Bitkilər susuz yaşaya bilmir. Onların böyümə dövründə suya daha çox ehtiyacı olur, meyvələr yetişdikdə isə suya tələbatları azalır. Bitkiləri su və mineral maddələrlə torpaq təmin edir. Bitkilərin normal böyüməsi, inkişafı və məhsul verməsi üçün vacib olan əsas qida maddələri azot, fosfor, kalium mütləq verilməlidir. Bunlar bitkilərə çoxlu miqdarda lazımdır və buna görə bunları makro elementlər adlandırırlar. Bitkilərə az miqdarda kükürd, kalsium, maqnezium, dəmir və bəzi başqa elementlər də lazımdır. Bitkilərin həyatında bunların böyük əhəmiyyəti olmasına baxmayaraq, bunları xüsusi olaraq torpağa demək olar ki, vermirlər. Bunlar torpaqların tərkibində kifayət qədər olur. Son illər bitkilərin mis, yod, bor, sink, maqnezium, manqan, molibden və digər elementlərlə də qidalanmasına böyük əhəmiyyət verilir. Bu elementlərdə bitkilərin həyatında çox əhəmiyyətli olsa da, bunlardan bitkilərin qidalanması üçün çox az miqdarda tələb olunur. Bununla əlaqədar olaraq onlara mikro elementlər adı verilmişdir. Bitkilər tərəfindən istifadə olunan kimyəvi elementlərin hər biri bitkinin inkişaf etməsində iştirak edir və məhsuldarlığın artırılmasına güclü təsir edir.
4.4.1. Gübrələmə
Torpaqların münbitliyini və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltməkdə, həmçinin, kənd təsərrüfatı məhsullarının keyfiyyətini yaxşılaşdırmaqda gübrələr çox böyük rol oynayır. Payızlıq taxıl əkini sahələrindən yüksək məhsul götürmək üçün gübrələmənin əhəmiyyəti çox böyükdür. Əkin sahələrinə üzvi və mineral gübrələrin düzgün verilməsi bitkilərin normal böyüməsinə və inkişafina şərait yaradır, onların xəstəlik, şaxtalar və quraqlığa davamlılığını artırır.
4.4.2. Mineral gübrələr
Payızlıq taxıl əkini sahələrindən yüksək məhsul götürmək üçün azot, fosfor və kalium gübrələrinin verilməsi xüsusi əhəmiyyətə malikdir. |