4.4.3. Fosfor gübrəsi
Cücərmə dövründə və inkişafının başlanğıcında buğda bitkisinin fosfora ehtiyacı böyük olur. Rütubətlə yaxşı təmin olunan (nəmliyi çox olan) torpaqlarda fosfor gübrəsi bitki köklərinin yaxşı inkişaf etməsinə səbəb olur (Şəkil 4.15). Bu zaman bitkinin kökləri 1 metrədək dərinliyə gedir və quraqlıq, soyuğa davamlılığı yüksəlir. Fosfor sünbülün əmələ gəlməsini və dənlərin dolmasını təmin edir. Fosfor gübrəsinin çatışmamasına görə bitkinin alt yarpaqlarında damarlar boyunca yaşıl rəng maviləşir, sonra isə qəhvəyi rəngə çevrilir və bu da son nəticədə sümbülcükdə toxumun əmələ gəlməsini zəiflədir, məhsuldarlığın aşağı düşməsinə səbəb olur (Şəkil 4.16). Bu baxımdan səpindən qabaq şum altına fiziki çəki hesabı ilə hektara 350-400 kiloqram fosfor gübrəsinin verilməsi olduqca vacibdir.
4.4.4. Kalium gübrəsi
Torpaqda buğdanın cücərdilməsindən çiçəklənməyə qədər olan dövründə asan mənimsənilən (istifadə olunan) kalium çatışmadıqda bitkilərin böyümə və inkişafı zəifləyir, onlar temperaturunun və rütubətin dəyişkənliyinə qarşı həssas olur. Payız dövründə bitkilərin fosfor və kaliumla yaxşı təmin olunması payızlıq buğdanın qışa davamlılığını yüksəldir. Becərmə şəraiti, tətbiq olunan aqrotexnika və sələflərdən asılı olaraq fiziki çəkidə 120 kiloqram kalium gübrəsi verilməsi məsləhətdir (Şəkil 4.17, Şəkil 4.18). Kalium çatışmayanda bitkinin orta və alt yarpaqları ucdan saralmağa, qonurlaşmağa başlayır və məhv olur.
4.4.5. Azot gübrəsi
Taxılın böyüməsi və inkişafında, eləcə də məhsuldarlığın artırılmasında və dənin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasında xüsusi əhəmiyyət kəsb edir (Şəkil 4.19, Şəkil 4.20). Ancaq qeyd etmək lazımdır ki, azotun və rütubətin həddən artıq olması bitkilərin yerə yatmasına səbəb olur. |