Əksər hallarda gübrə normaları təsiredici maddə hesabı ilə göstərildiyindən fermerlər tərəfindən fiziki çəkidə gübrə normalarının hesablanması səhv aparılır. Tutaq ki, hər hektara təsiredici maddə hesabı ilə 80 kiloqram azot gübrəsinin verilməsi planlaşdırılır. Azot gübrəsinin tərkibində 34 faiz təsiredici maddə var, yəni fiziki çəkidə hər 100 kiloqram azot gübrəsində 34 kiloqram təsiredici maddə var. Onda təsiredici maddə hesabı ilə 100 kiloqram azot gübrəsini fiziki çəkiyə çevirmək üçün aşağıdakı formada hesablanmalıdır.
4.4.8. Yaşıl gübrələr (sideratlar)
Torpağın münbitliyini artıran ən səmərəli vasitədir. Torpaqda böyük miqdarda azot toplanmasına səbəb olan paxlalı bitkilərin yaşıl kütlə şəklində torpağa şumlanmasında hər hektara 150 -200 kiloqram azot daxil olur ki (Şəkil 4.24), bu da hər hektara 30-40 ton peyin verilməsinə bərabərdir. Ona görə də sahəni dincə qoyan zaman əmələ gələn yaşıl kütlənin üzdən şumlanması xərcsiz gübrələmə deməkdir. Gübrələrin verilməsinə ciddi nəzarət olunmalıdır. Belə bir nümunəyə baxaq: payızlıq buğdadan 1 ton dən alarkən bitki torpaqdan 12-14 kiloqram fosfor, 65-45 kiloqram azot, 16-24 kiloqram kalium götürür. Fosfor gübrəsinin, əsasən, şum altına (200-300 kiloqram hektara), azot gübrəsinin isə yazda taxıl bitkiləri boruya çıxarılmamış (150 kiloqram hektara) yemləmə kimi verilməsi tövsiyə edilir. Ona görə də vacibdir ki, həmin maddələrin torpağa qaytarılması təmin edilsin. Məlumdur ki, sideratlar, adətən, yazlıq bitkilər olub onların kifayət qədər yaşıl kütlə verməsi yayın ortalarına təsadüf edir. Həmin dövrdə sideratların yaşıl kütləsinin torpağa şumlanması və sahənin hazırlanması müəyyən qədər vaxt tələb edir ki, bu da payızlıq bitkilərin səpinini gecikdirir. Hal-hazırda yaxşı məhsul almaq üçün mineral gübrələrdən çoxlu istifadə olunur, gələcəkdə yaxşı olar ki, bütün əkin sahələrində bu gübrələrlə yanaşı, üzvi gübrələrdən də istifadə olunsun. |