Taxıl suvarılan və suvarılmayan sahələrdə becərilən bitkidir. Suvarılması mümkün olan yerlərdə taxıl mütləq suvarılmalıdır. Əsasən də, payızlıq buğda səpilən kimi sahə suvarılmalıdır. Çünki dənli bitkilərdən yüksək məhsul əldə etmək üçün mühüm şərtlərdən biri suvarmadır. Suvarmalar, əsasən, bir neçə üsulla aparılır:
Payızlıq buğda becərilərkən, birinci növbədə, normal cücərtilərin alınması və bitkilərin yazda normal inkişaf etdirilməsi üçün torpaqda optimal (əlverişli) rütubətlilik (nəmişlik) yaradılmalıdır. Buna ancaq torpağı səpinqabağı suvarmaqla nail olmaq olar. Müxtəlif əkinçilik bölgələrində səpinqabağı torpağın suvarılmasının əhəmiyyəti eyni deyildir. Çünki elə zonalar var ki, payızda o zonalara tez-tez yağış yağır, torpaq tamamilə nəm olur. Buna görə də bu zonalarda suvarmanın əhəmiyyəti azalır. Quraqlıq olan, payız və qış yağışları az yağan rayonlarda rütubət toplayıcı (səpindən əvvəl boş torpağın suvarılması) suvarma payızlıq buğdanın məhsuldarlığının artırılmasına çox kömək edir. Təcrübələr göstərir ki, torpağın səpinqabağı rütubətləndirilməsi (suvarılması) nəticəsində hektardan 4.0-4.5 ton payızlıq buğda məhsulunun alınması mümkün olur. Lakin sahələri səpindən əvvəl suvarmadıqda alınan məhsul 1.5-2.5 ton az olur. Rütubəttoplayıcı suvarma (arat) çox hallarda qara heriyə (taxıl biçildikdən sonra növbəti il əkin vaxtına qədər boş qalan sahə) nisbətən daha yüksək məhsul alınmasına imkan verir. Respublika şəraitində payızlıq dənli bitkilərin arata qoyulmuş tarlalarda əkilməsinin üstün cəhətə malik olduğu müəyyənləşdirilmişdir. Payızlıq buğda və arpanın arata qoyulmuş sahəyə əkilməsi səpsuvara (səpindən dərhal sonra suvarma) nisbətən məhsuldarlığı xeyli artırır və səpini qısa və əlverişli müddətdə başa çatdırır, həmçinin, suvarma suyundan payızda daha səmərəli istifadə etməyə imkan verir. Payızlıq taxıl bitkiləri vaxtında və düzgün arata qoyulmuş tarlaya əkildikdə alaq otları nisbətən az olur. Payızlıq dənli bitkilərin əkiləcəyi torpaqların arata qoyulmasına sentyabr ayının ortalarında başlanılmalıdır. Əgər təsərrüfatlarda müxtəlif mexaniki tərkibli (tərkibindəki qida maddələrinin müxtəlifliyinə görə) torpaqlar varsa, onda, birinci növbədə, ağır tərkibli torpaqlar arata qoyulmalıdır. Ağır torpaqların tərkibi soyuq olur, yazda yavaş isinir, kənd təsərrüfatı alətləri ilə çətin becərilir, bu torpaqların hava rejimi pisdir, çünki çox sıx və kip olur, ona görə də bu cür torpaqlarda arat suvarma sentyabrın axırına yaxın, yüngül torpaqlarda isə su, hava və qida rejimi daha yaxşı olduğu üçün oktyabrın əvvəllərinə qədər qurtarılmalıdır. Hamarlanmış sahələr arat edildikdə su tarlaya bir-birindən 60-120 santimetr aralı çəkilmiş şırımlarla verilir. Aratdan sonra torpağın tam yetişdirilməsini gözləmədən tarla hissə-hissə suvarma şırımlarının köndələninə malalanır və sonra səpinə başlanılır.