Bu üsulla suvarmada isə xüsusi deşikləri olan sifonlardan istifadə olunmaqla suvarma suyu birbaşa bitkinin kök sisteminə verilir (Şəkil 4.28, Şəkil 4.29). Damcı ilə suvarma üsulu ildən-ilə daha geniş tətbiq olunmağa başlamışdır. Belə ki bu üsul dünyada yayılmış son texnologiya olub özünü çoxdan doğrultmuşdur. Bu kənd təsərrüfatının inkişafı ilə bağlıdır. Müasir şəraitdə bağçılıq və tərəvəzçiliyin inkişafı suvarma olmadan mümkün deyil. Başqa suvarma üsullarından fərqli olaraq damcı ilə suvarmada sudan az istifadə olunduğu üçün çox xeyirlidir. Bu üsulla həm su, həm də işçi qüvvəsinə qənaət olunur. Torpağın humus qatı qorunur. Damcılama üsulu ilə az su ilə daha çox sahə suvarılır (Şəkil 4.30). Maili ərazilərdə eroziyaya səbəb olmur, suvarmanın aparılmasına külək təsir göstərmir, qrunt sularının səviyyəsi dəyişməz qalır, təkrar şorlaşmanın qarşısı alınır, suvarma suyu bitkilər arasında bərabər paylanır. Məhz bunun sayəsində torpağın şumlanan təbəqəsi daim nəm saxlana bilir, cərgələrin arası isə bu zaman quru qalır, bu da alaq otlarının azalmasına səbəb olur. Suyun torpaq səthindən buxarlanması az olur, su itkiyə getmir, torpaq qabığında çatlar əmələ gəlmir və torpağın strukturu dağılmır. Damcılı suvarma zamanı torpağın temperaturu digər suvarma növləri ilə müqayisədə həmişə yuxarı olur, bu da bitkini don vurmadan qoruyur və erkən məhsul yığmağa imkan verir.
Damcı ilə suvarma zamanı birinci olaraq suvarılacaq sahə və orada hansı bitkilərin əkilməsi planlaşdırılmalıdır. Boru kəmərləri, şlanqlar və ayrı-ayrı damcıladıcıların yerləşdirilmə sxemləri əkiləcək bitkilərin növündən asılı olaraq müəyyən edilməlidir. Suyun verilməsi üçün plastik borulardan istifadə etmək məqsədəuyğundur (Şəkil 4.28, Şəkil 4.29). Onlar ucuz, yüngül, paslanmayandır və ən başlıcası suvarma suyunun təmizliyi qorunur. Sahəyə su ilə lazım gəldikdə gübrələrin də verilməsini nəzərə alsaq, dəmir-çuğun borulardan istifadə etmək yolverilməzdir. Boru, şlanq və lentşəkilli xətlər torpaq üzəri, asılı vəziyyət və ya basdırılmış şəkildə yeləşdirilə bilər. Şlanqın su axan deşiyinin tutulmasının qarşısını almaq məqsədilə tutqun, qeyri-şəffaf borulardan, xətlərin torpağa basdırılması zamanı isə qalın divarlı borulardan istifadə etmək lazımdır.