Bir çox tədqiqatçıların fikrinə görə sünbüldə olan dənlərin sayı buğdanın əsas məhsuldarlıq elementlərindən biri hesab edilir. Bitkidə dənin sayının normal olması havanın soyuq və isti olmasından da asılıdır. Hava şəraiti yaxşı olanda və torpaqda qida çox olduqda toxum sıx əkilmədikdə bitki yaxşı qidalanır, dən tam dolur, iri olur, çəkisi artır və məhsuldarlıq yüksəlir. Ona görə də səpin normasının dəqiq və düzgün hesablanması çox vacibdir. Bir çox hallarda fermerlər səpin normasını şablon qaydada (hər il eyni çəkidə, məsələn, buğda bitkisini 220 kiloqram) səpirlər. Onlar hər hektara səpiləcək cücərdilən toxumların sayı və onların səpin keyfiyyətlərini nəzərə almadan səpirlər. Bu cür taxıl səpininin aparılmasının heç bir elmi əsası yoxdur. Çünki hər bir fermerdə olan toxumların keyfiyyəti müxtəlifdir. Elm və qabaqcıl təcrübənin nəticələri göstərir ki, dənli taxıl bitkilərindən yüksək və keyfiyyətli məhsul almaq üçün bu bitkilərin becərilməsində mütərəqqi və səmərəli texnologiyadan istifadə etmək lazımdır. Bu texnologiyanın əsas və başlıca elementlərindən biri dənli taxıl bitkilərinin səpin üsullarıdır. Səpin aparan
zaman toxumu elə üsulda səpmək lazımdır ki, bitkilər sıx olmasın, yaxşı qidalansın, bitkilər inkişaf zamanı bir - birinə mane olmasın (Şəkil 4.34). Bununla onlar qida maddələri, nəmlik və günəş enerjisindən səmərəli istifadə edə bilərlər. Nəticədə isə məhsuldarlıq yüksək olar.
5.7. Bitki mühafizə tədbirlərinin əhəmiyyətiKənd təsərrüfatı məhsulları istehsalının artırılması və onların keyfiyyətinin yaxşılaşdırılmasında əsas ehtiyat mənbələrindən biri də bitkilərin xəstəliklərdən mühafizəsidir (qorunmasıdır). Əkinçiliyin yaxşılaşdırılmasında bitkilərin xəstəliklərdən mühafizə olunması (qorunması) və kompleks tədbirlərin hazırlanması tələb edilir. Bitki xəstəlikləri kənd təsərrüfatı məhsullarının istehsalına böyük ziyan verərək məhsulun aşağı düşməsinə və pisləşməsinə səbəb olur. Real məlumata görə xəstəlik və zərərvericilər bir ildə orta hesabla hər hektar sahəyə 22 manat ziyan vurur. Bu itki dünyada 749 milyard dollar, yaxud 34.9 faizə çatır. Odur ki, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında əsas ehtiyat mənbələrindən biri xəstəliklər tərəfindən məhsul itkisinin qarşısını almaqdır. Xəstəliklərin qarşısını almaq üçün onların törədicilərinin bioloji xüsusiyyətlərini yaxşı öyrənməli və kompleks mübarizə tədbirləri sistemi tətbiq edilməlidir. Təcrübələr göstərir ki, xəstəliklərə qarşı aparılan tədbirlər sistemi onların törədicilərinin inkişafına əks təsir göstərməli, təsərrüfat üçün səmərəli olmalıdır. Xəstəliklərə qarşı aparılan mübarizə sistemi elmə və qabaqcıl təcrübəyə əsaslanmalı, bitkilərə yaxşı təsir göstərməli, xəstəliktörədiciləri məhv etməlidir. Mübarizə sistemi yerli şəraitə uyğun və plan əsasında aparılmalıdır.