Taxıla ziyan vuran xəstəliklər çoxdur, lakin onların içərisində daha təhlükəlisi toxumla keçən bərk və toz sürmə (el arasında “qaraca” deyilir) və pas xəstəlikləridir. 4.7.1. Toz sürmə Bu xəstəliyə respublikamızın bütün zonalarında rast gəlinir. Bu xəstəliyi Ustilagotritici (Pers) Jens göbələyi törədir. Toz sürmə xəstəliyinə buğda bitkisi dəninin süd və sünbülün yetişmə dövründə təsadüf edilir. Bu xəstəliyi törədən göbələk sünbül və dənləri zədələyərək orada qaramtıl toz halında kütlə (xlamidosporları) əmələ gətirir (Şəkil 4.35). Odur ki, sünbüldə dən əvəzinə, qaramtıl toz inkişaf edir. Xlamidosporlar (dəni toza çevirən bakteriya) torpağa düşdükdə məhv olur. Bu sporlar anbarda və bəzi yerlərdə 3-5 ilə qədər cücərmə qabiliyyətini saxlayır. Toz sürmə xəstəliyinin inkişaf etməsinə temperatur və rütubət güclü təsir edir. Toz sürməyə tutulmuş sünbüllər üzərində xəstəliyin törədiciləri külək, həşərat və digər vasitələrlə sağlam sünbüllərə keçərək onları sirayətləndirir (xəstələndirir). Bu xəstəliyə tutulmuş bitkilər zəif inkişaf edir, boyu qısa qalır, orqanizmin inkişaf prosesi pozulur. |