Dənli bitkilərdə ən geniş yayılan xəstəliklərdən biri də pas xəstəlikləridir. Pas xəstəliklərinin təsirindən bitkilərin inkişaf prosesləri zəifləyir və bitkilərdə davamsızlıq yaranır. Pas xəstəliklərinə tutulan dənli bitkilərdə 15-20 faiz və bəzən daha çox məhsul aşağı düşür. Pas xəstəliklərini törədən göbələklər beş inkişaf mərhələsi keçir. Dənli bitkilərdə ən geniş yayılan pas xəstəlikləri aşağıdakılardır:
4.8.1. Gövdə və ya zolaqlı pas
Azərbaycanda gövdə və ya zolaqlı pas xəstəliyi, əsasən, dağ və dağətəyi rayonlarda yayılmışdır (Şəkil 4.37). Bu xəstəliyi törədən göbələklər bitkinin gövdəsi və yarpaq qınlarını zədələyərək ilk dəfə qırmızımtıl-kərpici rəngdə, sonra isə qara rəngdə xətli yastıcalar əmələ gətirir. Belə bitkilər zəif inkişaf edir və az məhsul verir. Göbələklər qışı bitki qalıqları üzərində, bəzi rayonlarda isə taxıllara aid olan bitkilər üzərində qışlayır və oradan dənli taxıl bitkilərini yoluxdurur. Bu xəstəliyin inkişafında temperaturun və havanın nisbi rütubətinin böyük əhəmiyyəti vardır. Xəstəlik rütubətli və isti iqlim şəraitində daha sürətlə inkişaf edir. Mübarizə tədbiri. Məhsul toplandıqdan sonra bitki qalıqları sahədən təmizlənməli, ora dərin şumlanmalı, taxıl sahələrinə yaxın olan alaq otları məhv edilməli, torpağa kalium və fosfor gübrələri verilməli və əkin zamanı xəstəliyə davamlı sortların toxumundan istifadə edilməlidir. Xəstəlik çox inkişaf etmiş və yayılmış rayonlarda bitkinin boruya çıxarılma fazasında təyyarə ilə xəstəliyi törədən göbələklərə qarşı məhlul çilənməlidir. |