Əsasən, taxıl, pambıq və tərəvəz bitkilərinin kökü, cücərtisi və toxum hissəsini zədələyir (Şəkil 4.42). Şıqqıldaq böcəyi və sürfəsi məftil qurdu olaraq da adlanır. Sürfələr sarımtıl, yaxud qəhvəyi rənglidir. Zəif inkişaf etmiş 3 cüt döş ayaqları var və əllə çox çətinliklə əzilir. Bu zərərvericinin inkişafı çox zəif gedir. Bir nəslin inkişafı 3-5 ilə başa çatır. Aprel-iyul aylarında yumurta qoymağa başlayır. Rütubətli illərdə daha çox ziyan vurur. Sürfə və böcək halında qışlayır. Bir dişi böcək 60-200 ədəd yumurta qoya bilir. Cücərtilərin kök sistemi, kök boğazı və hətta toxumu yeyib məhv edir. Yayın axırında puplaşır, 15-20 gündən sonra yetkin böcəklər çıxmağa başlayır və qış yuxusuna gedir. Bu zərərvericinin ən qorxulu cəhəti odur ki, polifaq (yəni əksər kənd təsərrüfatı bitkiləri ilə qidalanır və zərər vurur) zərərvericidir.
Buğda və arpa bitkisinin dənləri və cücərtilərini zədələyir. Böcəklərin qışlamaları torpaqda sürfə fazasında gedir, sürfələrin inkişafı 22 aya başa çatır. Sürfələr, adətən, körpə cücərtilərin kök boğazı və gövdəsini yeyir (Şəkil 4.43). May ayının axırı, iyunun əvvəlində torpaqda puplaşır. 2 həftədən sonra onlar pupdan çıxaraq yetişdirilmiş taxıl sahələrinə daraşır. Cavan böcəklər süd mum yetişmə dövründə dənlərlə qidalanır. Qidalanma zamanı böcəklər sünbülü başı ilə eşir və bunun nəticəsində dənlərin bir qismi yerə tökülür. Hər böcək həyatı boyu 7-8 qrama qədər dəni yerə tökür.