Yaz fəsli payızlıq dənli bitkilərin həyatında ən mühüm dövr sayılır. Qışda iqlim və torpaq şəraitinin təsiri ilə bir qədər zəifləmiş bitkilər böyümə və inkişafı bərpa etmək üçün rütubət, hava və qidaya daha çox ehtiyac duyur. Lakin yazın ilk dövrlərində əkin sahələrinin torpaqları sıxlaşır, sahələrdə qaysaqlar əmələ gəlir. Bu isə öz növbəsində torpaq rütubətinin buxarlanması, bitkilərin kök sistemi, havanın çətinliklə işləməsinə səbəb olur. Bitkilər uzun müddət boy atmaqdan dayanır, pis kollanır və onların məhsuldarlığı azalır. Yuxarıda göstərilən vəziyyəti aradan qaldırmaq üçün payızlıq taxıl əkinləri erkən yazda bitkilərin kollanma fazasında malalanmalıdır. Yaz malalaması zamanı əkinlərdə cücərdilməyə başlayan birillik alaq otları da məhv edilir. Malaların vaxtında və düzgün aqrotexniki qaydada çəkilməsi məhsuldarlığı 2-3 sentner (200-300 kiloqram) artıra bilir. Malalamanın xeyirli olması əkinlərin vəziyyəti, bitkilərin seyrəklik dərəcəsi, bitkilərin qida ilə təmin olunması və işin aparılma müddətindən çox asılıdır. Aparılan bu cür aqrotexniki tədbirlər nəticəsində məhv olmayan alaqlara qarşı kimyəvi mübarizə tədbirləri aparılmalıdır. Bunun üçün herbisidlərdən istifadə olunmalıdır.
Herbisidlər alaq otu kimi tanıdığımız arzuolunmaz bitkiləri məhv etmək üçün istifadə olunan kimyəvi birləşmələrdir (Şəkil 4.49). Herbisid sözünün mənası latınca herba - ot, sido - tələf edirəm deməkdir. Onlar üzvi və qeyri-üzvi ola bilər. Qeyri -üzvi herbisidlərin tarixi daha qədimdir. Hər şey 1890-1900-cü illərdə taxıl zəmilərindəki alaq otlarını təmizləmək üçün kimyəvi maddələrin tətbiqi ilə başlanmışdır. Onları hərbi iş üçün istifadə edən Amerika Birləşmiş Ştatlarının ordusu olmuşdur.