Demək, hektara 2 kiloqram herbisid verilməlidir.
Enliyarpaqlı alaq otlarına qarşı hər hektara 300 litr işçi məhlulu sərf edilməklə 2 litr 2.4 D amin duzunun 40 faizli məhlulu, 15 qram Qranstar 75 faiz islanan tozu, 1-1.5 litr Dialen super 464 SH məhlulu, 130 qram Lintur 70 faiz islanan tozundan istifadə etmək olar.
Taxıl əkinlərində yayılmış ikiləpəli alaqlara (adi turpəng, çöl gülü, çöl qanqalı, çöl sarmaşığı və s.) qarşı 2.4 D herbisidinin amin duzu hektara 1.0-1.2 kiloqram, Lintur herbisidi 0.150-0.180 kiloqram, Qranstar herbisidi isə 0.018 kiloqram hesabı ilə verilir. Fermer təsərrüfatlarında aparılan təcrübələr göstərir ki, Topik və Lintur herbisidlərinin qarışdırılaraq bir dəfəyə verilməsi iqtisadi cəhətdən daha çox səmərə verir.
Gecə vaxtları alaq otlarının yarpaqlarında fizioloji proseslər zəif getdiyindən bu vaxtlarda aparılan dərmanlamalar lazımi effekti verməz. Artıq dozada verilən və yaxud torpaqda parçalanmayan herbisidlər taxıldan sonra əkilən bitkiyə ziyan verər. Alaq otlarına qarşı ən səmərəli tədbir kimyəvi mübarizədir. Öz təsir mexanizminə görə herbisidlər kontakt və sistemli təsir edən herbisidlərə bölünür. Bu qrup herbisidlərin təsir effektliliyini artırmaq baxımından herbisidlər bütün sahə boyunca bərabər miqdarda səpilməlidir. Kontakt zəhərlər alaqların yalnız üst hissələrini məhv edir (bitkinin torpaqdan yuxarıda olan hissəsini).
Sistem təsirli herbisidlər geniş spektirli olub alaq otlarının üzərinə düşdükdə bütün orqanlarına yayılır (bitkinin kökü və yarpaqlarını məhv edir). Bu xüsusiyyətinə görə daha çox sistem təsirli herbisidlərdən istifadə olunur. Çünki bu herbisidlər çilənən zaman alaqların yaşaması mümkün olmur.
4.11. Zəhərli dərmanlardan qorunmaq üçün görülən təhlükəsizlik tədbirləri2.4 D qrupundan olan herbisidlər orta dərəcədə zəhərlidir. 18 yaşına çatmamış yeniyetmələr (uşaqlar), hamilə və uşaq əmizdirən qadınlar, xəstələrin herbisidlərlə işləməsinə yol verilməməlidir.
Zəhərli maddələr olan meydançalarda xüsusi iş paltarı, rezin əlcəklər və digər qoruyucular olmalıdır (Şəkil 4.52). İş paltarı xüsusi yerlərdə saxlanmalıdır. Onların evə aparılması qadağandır. Yeməkdən əvvəl əllər, üzü sabunla yumaq lazımdır.
Zəhərləyici maddələrlə işləyən zaman yemək, papiros çəkmək və paltarın cibində ərzaq saxlamaq olmaz.