4.4.6. Rapsın fuzarioz xəstəliyi
Nekrotrof bioloji qrup xəstəliklərindəndir. Xəstəlik göbələk mənşəlidir. Avropa, Avstraliya, Amerika və Rusiya Federasiyasının şimal bölgələrində yayılmışdır. Yeni cücərmiş bitkilər və yaşlı bitkilər sirayətlənir. Saplaqların eninə kəsiyində şəffaf-qəhvəyi damar halqaları görünür. Bir çox hallarda cücərtilərin kökləri də yoluxur, nəticədə yarpaq rozeti 4-6 yarpaq həddinə çatanda bitkilər ölür. Daha yaşlı bitkilərdə xəstəlik yarpaqlarda gedən maddələr mübadiləsini pozur, yarpaqlar saralır və sonda tökülür, bitki inkişafdan qalır və raps gövdə əmələ gətirsə də, bitki əyilib solur. Yarpaqların saplaqlarını gövdədən kəsməklə qonur halqa damarlar görünür, az sonra onlar tündləşir. Bu, damarlı bakterioza oxşasa da, damarlı bakteriozda olduğu kimi qarala bilmir. Xəstəlik raps kilasında olduğu kimi bəzən şişlər əmələ gətirir. Lakin bu şişlərdə qaralma olmur (Şəkil 4.48). Xəstəlik, əsasən, kələmkimilər fəsiləsindən olan digər bitki qalıqlarından bitkilərə yoluxur. Əsasən, isti havalarda daha intensiv inkişaf edir. |