Məlumdur ki, zərərvericilər kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına ciddi ziyan vurur. Bunların kütləvi artımı və yayılması nəticəsində məhsulun böyük bir qisminin itirilməsi təhlükəsi yaranır. Hətta kiçik bir kütlə ilə əkin sahəsində bitkiləri zədələməklə belə onların xəstəliklərə qarşı həssaslığı artır, xəstə bitkilər isə infeksiya mənbəyinə çevrilir. Bir çox həşəratların bağırsağında müxtəlif fitopatogen bakteriyalar canlı vəziyyətdə qalır. Sağlam bitki üzərinə qonub onunla qidalanan həşərat qidalanmaqla birlikdə fitopatogenin törədicisini həmin bitki üzərinə qoyur. Zədələnmiş bitkinin daxilinə keçən xəstəliktörədici (bakteriya sporu, göbələk mitselisi) bitkinin hüceyrəarası boşluğuna keçib orada parazitlik edir. Həmin nahiyədə çoxalan xəstəliktörədici ətrafda olan sağlam bitkilərə keçərək yayılır. Bunun nəticəsində də məhsulun keyfiyyəti azalır və ya məhsul itkisi yaranır. Ona görə də zərərverici müəyyənləşdirilən kimi sahələr dərmanlanmalıdır (Şəkil 4.53).
Kənd təsərrüfatı bitkiləri zərərvericilərinə həşəratlar, gənələr, nematodlar, ilbizlər, gəmiricilər aiddir.
Həşəratlar bitkilərin yarpaq və digər orqanları üzərinə qoyduqları yumurtalar vasitəsi ilə çoxalır. Hər bir həşərat minlərlə yumurta qoymaq qabiliyyətinə malikdir. Həmin yumurtadan çıxan sürfələr isə bitkilərlə qidalanır. Bu da məhsuldarlıq göstəricilərini aşağı salır.
Həşəratlar ağız aparatının quruluşuna görə iki qrupa bölünür: gəmirici və sorucu. Gəmirici həşəratlar bitkinin yarpaqları, gövdəsi, kökləri, toxumları və meyvəsi ilə qidalanır. Bunlara müxtəlif növ böcəklər və onların sürfələri, kəpənəklərin sürfələri aiddir. Sorucu həşəratlar isə bitkinin orqanlarından onlara lazım olan qida məddələrini sormaqla qidalanır. Bunlara mənənələr (mənənə - həşəratdır, bir çox bitkilərin yaşıl və cavan orqanlarından şirə soraraq qidalanır), milçəklər və s. aiddir.
Nematodlar - iynəyəoxşar ağız hissəsinə malik olan xırda dəyirmi qurdlardır. Nematodlar bitki toxumalarını zədələyərək onların şirəsi ilə qidalanır. Əsasən, bitkilərin yeraltı orqanlarında çoxlu sayda yumurta qoyaraq çoxalır.
Gəmiricilər - çoxlu sayda diri bala verərək çoxalır. Kütləvi artım zamanı tarlanın məhsuldarlığını hiss olunacaq səviyyədə aşağı salır.
İlbizlər - selikli dəri örtüyünə və buğumsuz bədənə malikdir. Onlar bitki orqanlarını qoşovlayaraq qidalanır. İlbizlər dili üzərindəki sürtkəcə oxşar çıxıntılarla yarpaqları və digər bitki orqanlarını qoşovlayaraq bitkilərin örtük qatını zədələyir, fitopatogen mikroorqanizmlər üçün əlverişli keçid yaradır. Həm bitkilərlə qidalanmaqla həm də xəstəliklərə əlverişli şərait yaratmaqla təsərrüfata ziyan vurur.