6.1. Regionun günəbaxan istehsalında iqtisadi effektivliyi və buna təsir edən amillər
Günəbaxanın region üçün iqtisadi əhəmiyyətini müəyyənləşdirmək üçün bu bitkinin bir sıra göstəricilərini təhlil edib hesablamalar aparmaq lazımdır. Yüksək mexanizasiya və az əmək xərcləri sayəsində günəbaxan istehsalı digər kənd təsərrüfatı bitkilərinə nisbətən az əmək sərfiyyatı tələb edilir. Bu bitkinin istehsalı, əsasən, kənd təsərrüfatı texnikası ilə həyata keçirilir. İnsan işçi qüvvəsi bu bitkinin istehsalında digər kənd təsərrüfatı bitkilərinə nisbətən az tələb olunur. Günəbaxan istehsalının iqtisadi effektivliyi bir sıra göstəricilərlə xarakterizə olunur. Onlardan ən vacibləri bitkinin məhsuldarlığı, məhsulun maya dəyəri, istehsalın keyfiyyəti, bir işçinin bir saat işinə çəkilən xərc, rentabellik səviyyəsidir. Günəbaxan bitkisinin məhsuldarlıq göstəriciləri əkilən sortun və ya hibridin məhsuldarlığından asılıdır. Bu bitkidən keyfiyyətli məhsul alınmasına aqrotexniki qulluqla yanaşı, əkinlərdə yüksək potensiallı sort və ya hibrid toxumları becərilməsi ilə nail olunur. Keyfiyyətli məhsul alınması üçün keyfiyyətli toxum materialı və onun əkini, becərilməsi, ona qulluq işləri müəyyən maliyyə vəsaiti sərfi ilə müşayiət olunur. Bu, məhsulun maya dəyəri hesab edilir. Maliyyə sərfiyyatı günəbaxan əkinləri, əgər bütün aqrotexniki qaydalara riayət edilərək aparılarsa, məhsul yığımı zamanı ona sərf olunan bütün xərcləri o təsərrüfatçıya artıqlaması ilə qaytarır. Bitkiyə gübrələrin vaxtı-vaxtında verilməsi, bitki zərərvericilərinə qarşı etibarlı mübarizə tədbirləri və s. bunlar heç də lazımsız xərclər deyil. Əslində vacib xərclərdən biridir. Məsələn, təsərrüfat sahibi bitki əkinlərində gübrə normasını azaltmaqla qənaət etdiyini fikirləşir, amma bu, yalnış fikirdir. Bitkinin becərilməsində gübrə normalarının azaldılıb-artırılması torpağın məhsuldarlığından asılı olaraq aparılmalıdır. |