Rusiya bu bitkinin yağının istehsalı üzrə birinci yerdə gedən ölkələrdəndir. Dünya əkinçiliyi sistemində günəbaxanın əkin sahəsi 14-15 milyon hektara yaxın, Rusiyada isə 4.5 milyon hektardır. Bu bitki, əsasən, ABŞ (1.5 milyon hektar), Argentina (2 milyon hektar), Hindistan, Bolqarıstan, Macarıstanda əkilir. Günəbaxanın əsas becərilmə rayonları Rusiyada Şimali Qafqaz, Mərkəzi qaratorpaq vilayəti, Ukrayna, Moldova, Qazaxıstan və Gürcüstandır. Günəbaxan silos üçün Rusiyanın qeyri-qaratorpaq vilayətində becərilir. Azərbaycanda (2014) dənlik günəbaxanın əkin sahəsi 11705 hektar, ümumi yığımı 19840 ton, məhsuldarlığı isə 1 hektardan 17.3 sentnerə qədər olmuşdur. Azərbaycanda bu bitki silos məqsədi üçün Cəlilabad, Masallı, Biləsuvar, Şəki, Şamaxı və s. rayonlarda becərilir (Şəkil 7.2).
7.1.1. Botaniki təsviri
Günəbaxan mürəkkəbçiçəklilər fəsiləsinin heliantus cinsinin birillik bitkisidir. Onu 2 sərbəst növə bölürlər:
1. Yabanı günəbaxan növlərinə;
2. Mədəni günəbaxan növlərinə. Yabanı günəbaxan növü Şimali Amerika təbiətində ot bitkisi kimi geniş yayılmışdır. Bu bitki mərkəzi gövdəyə malik olmayan güclü kollanan bitkidir. Çiçəkləri kiçik ölçülü olub sarı ləçəklidir (Şəkil 7.3). Toxumlarında 22-30 faiz yağ toplanır. Mədəni günəbaxan 2 yarımnövə ayrılır:
|