Qlobal iqlim dəyişkənliyi nəticəsində temperaturun yüksəlməsi kənd təsərrüfatı istehsalına mənfi təsir göstərir. Bu faktor planetin bir sıra ölkələrində ərzaq çatışmazlığına səbəb olmuşdur. Xüsusilə, inkişaf etməkdə olan üçüncü dünya dövlətləri əhalisi ərzaq təminatında çətin problemlərlə üzləşir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə planetimizdə hər il bir milyarda yaxın insan normal qidalana bilmir, xroniki aclıq keçirir, on üç milyon insan isə pis qidalanmadan və aclıqdan tələf olur. Ona görə də hər bir dövlət öz əhalisinin ərzaq təhlükəsizliyini təmin etməsi üçün əməli tədbirlər həyata keçirir. Azərbaycan Respublikasının yerləşdiyi coğrafi mövqeyi onun zəngin yeraltı və yerüstü təbii sərvətlərə sahib olmasına səbəb olmuşdur. Belə ki onun ərazisi zirvələri daimi buzlaqlarla örtülü olan yüksək dağlardan tutmuş geniş düzənlik və ovalıqlara qədər yayılmış mürəkkəb relyefə malik bölgələrdən ibarətdir. Təbiət ölkəmizin bitkilər aləmini çox zəngin və rəngarəng yaratmışdır. Əkinçilik mədəniyyəti tarixində Azərbaycan florasının rolu olduqca böyükdür. Heç də təsadüfi deyil ki, müasir mədəni bitkilər aləmi ölkəmizdəki mövcud təbii floranın davamıdır. Ayrı-ayrı bitki növlərindən istifadə və becərilməsi insanlarda yeni peşələrə yiyələnmək gücü yaratmışdır. Nəticədə respublikamızın mədəni bitkilər aləmində çox böyük dönüş yaranmış və yeni sahələr inkişaf etmişdir. Bu sahələrdən biri də yağlı bitkilərin əkini və bu növdən olan bitkilərin mütərəqqi üsullarla becərilməsidir. Bu bitkilərdən ən genişi və əhəmiyyətlisi günəbaxandır (Şəkil 8.1, Şəkil 8.2, Şəkil 8.3). Bu bitkinin əkini digər kənd təsərrüfatı bitkilərində olduğu kimi, əsasən, keyfiyyətli toxum materialının mövcudluğundan asılıdır. |