Sort müvafiq iqlim və torpaq şəraitində daima sabit və keyfiyyətli məhsul verməlidir. Günəbaxan sort toxumları toxum kateqoriyalarına görə 3 kateqoriyaya bölünür: orijinal toxum, elit, reproduksiyalı toxum.
İlkin toxumşünaslıq mərhələlərində bitki nəsillərinin seleksiya yolu ilə seçilməsi və qiymətləndirilməsi nəticəsində alınmış toxuma orijinal toxum deyilir. Orijinal günəbaxan sort və ya hibrid toxumların tərkibində ağ və boz çürümə olmalı deyil.
Orijinal toxumdan alınan və toxumçuluq üzrə dövlət standartlarına cavab verən toxum elit adlanır (Şəkil 8.19, Şəkil 8.20). Elit və reproduksiyalı toxumun tərkibində ağ və boz çürümə 0.08 faizdən çox olmalı deyil. Dövlət standartı, əsasən, günəbaxan bitkisinin elit toxumlarında əsas bitkinin toxumu 99.8 faizdən, cücərməsi 90 faizdən yuxarı olmalıdır. 1 kiloqram toxumda ən çoxu 3 ədəd alaq bitkisi toxumu ola bilər, rütubətliliyi 10 faizdən çox ola bilməz. Qeyd olunan göstəricilərə uyğun olmayan toxumlar elit toxum kimi səpinə yararlı hesab edilə bilməz. Elit toxumun becərilməsindən alınan toxum birinci nəsil (R1) reproduksiyalı toxum adlanır. Dövlət standartı, əsasən, günəbaxan bitkisinin reproduksiyalı toxumlarında əsas bitkinin toxumu 90 faizdən, cücərməsi 85 faizdən yuxarı olmalıdır. 1 kiloqram toxumda ən çoxu 15 ədəd alaq bitkisi toxumu ola bilər, rütubətliliyə 10 faizdən çox ola bilməz. Qeyd olunan göstəricilərdən aşağı olan toxumlar reproduksiyalı toxum kimi səpinə yararlı hesab edilə bilməz. Bu toxumlardan əkin aparılan zaman tarla müxtəlif alaq bitkiləri ilə çirklənir. Belə toxum materialı əkini tarlada zəif bitki çıxışı əmələ gətirdiyindən ziyanvericilər üçün əlverişli qida mənbəyinə çevrilir. Ona görə də belə toxumu sıravi adlandıraraq çıxdaş edirlər. Əkində toxum kimi istifadə etmirlər.
Nəhəng (Qiqant)-549 sortu - Rusiya mənşəli sortdur. Çırtlaq çərəz qrupu və silos üçün çox əlverişlidir. Bitkinin boyu 2-4 metr olur. Güclü yarpaqlayır. Vegetasiya müddəti 90-110 gündür. Respublikanın aran rayonlarında iyunun axırlarında, alçaq-dağlıq bölgələrdə iyulun ortalarında, orta-dağlıq bölgələrdə isə avqustun əvvəllərində ən yüksək həddə yaşıl kütlə verir. Səbəti orta irilikdə, tumu iri, açıq-boz rəngli, zirehsizdir. Yaşıl kütlə məhsulu hər hektardan orta hesabla alçaq-dağlıq (dağətəyi) bölgədə 150-330 sentner, orta-dağlıq bölgədə isə 250-300 sentner olur (Şəkil 8.21).