9.4.7. Günəbaxanın yalançı unlu şehi
Xəstəlik göbələk mənşəlidir. Günəbaxanın yalançı unlu şeh xəstəliyi yayılma arealına görə öncül yerlərdən birini tutaraq rütubətli rayonlarda daha çox zərər vurur. Xəstəliyin geniş yayılması haqqında ədəbiyyat mülahizələri Ukrayna, Türkiyə, ABŞ, Moldova, Baltikyanı ölkələri əhatə edir. Sirayətlənən bitkilər zəif inkişaf etmiş kök sisteminə malik olur, cırtdan görkəmi alır, buğumaraları hədsiz yaxınlaşır, yarpaqların alt tərəfində göbələyin ağ torşəkilli izləri əmələ gəlir (Şəkil 9.62). Bəzən bitkinin çiçəkləmə dövründə zərərverici ayrı-ayrı gövdələrdə səpələnmiş tünd-yaşıl ləkələr formasında da meydana çıxa bilir. Belə örtük yarpaqda və ya səbətlərdə əmələ gələ bilir. Xəstəlik çox vaxt ilk iki cüt yarpaq əmələ gələndən sonra bitkiyə sirayətlənir. Lakin özünü bir qədər sonra büruzə verir. Bitki boy artımından geri qalır, yarpaqları kiçik və solğun olur. Xəstə bitkilər bir çox halda quruyub məhv olur. Lakin inkişaf edənlər çiçəkləmə dövrünə qədər qalsalar da, az əhəmiyyətli olur. Çünki bitkinin əmələ gətirdiyi çiçəklərin diametri 3 santimetrdən çox olmur. Bu çiçəklər toxumsuz olur. Xəstəliyin infeksiya mənbəyi yoluxmuş toxumlarda qışlayan göbələk zərərvericilərinin mitseliləridir. Zərərverici törəmələri torpaqda bir neçə il həyatilik qabiliyyətini saxlayır. Xəstəliyin təsirindən məhsul itkisi 30 faiz və daha çox ola bilir.
Mübarizə tədbirləri:
Davamlı sortlar və hibridlər, növbəli əkin, səpinqabağı toxumların fungisidlərlə dərmanlanması məsləhət görülür. Toxumluq sahədə xəstəliyin ilkin simptomları göründükdə kontakt və sistem təsirli fungisidlər növbələşdirilməklə 10-14 günlük intervalla hava şəraiti və xəstəliyin inkişafı nəzərə alınmaqla bir neçə çiləmə aparılır. 1 faizli bordo məhlulu, 0.4 faizli misxloroksidi, 0. faizli ridomil qold MS (Şəkil 9.63), 0.2 faizli iteral və s. xəstəliklə mübarizədə yüksək bioloji səmərəliliyi təmin edir. |