9.4.9. Günəbaxanın vertisillioz soluxması
Göbələk mənşəli xəstəlikdir. Günəbaxan bitkisi becərilən hər yerdə vertisillioz soluxma xəstəliyi qeydə alınmışdır. Xəstəlik Rusiya və digər MDB ölkələrində də geniş yayılmışdır. Şimali Qafqazda patogen daha intensiv inkişaf edir. Ədəbiyyat mənbələrinə görə Qazaxıstan, Ukrayna və Moldovanın cənub regionlarında xəstəliktörədici zərərvurma əmsalına görə digər regionlardan üstündür. Günəbaxandan başqa, o, çoxsaylı tarla bitkiləri, ağac cinsləri və ot növlərini sirayətləndirir. İnfeksiya mənbəyi bitki qalıqlarında və torpaqda bitki qalıqları, yoluxmuş toxumlardır. Göbələk günəbaxanın damar boru sisteminə yoluxur. Yarpaqların yoluxmuş toxuması əvvəlcə turqoru itirir, sonra solğun-yaşıl və ya sarı rəng alır, bundan sonra qırmızı qəhvəyi rəngə çevrilir (Şəkil 9.65). Sonra xəstəlik tədricən yuxarı yarpaqlara və səbətə çatır. Sirayətlənmiş səbətdən göbələyin mitseli toxumlara daxil olur. Yarpaq, saplaq, gövdə və səbətin aparıcı borularının yoluxmuş daxili toxuması tünd-qonur rəng alır və bu, xəstəliyin xarakterik əlaməti hesab olunur. Xəstəliktörədici günəbaxana quru və çox isti şəraitdə daha intensiv yoluxur. Çiçəkləmə və günəbaxanın yetişmə fazalarında havanın temperaturunun 22°C-yə yaxın olması onun vertisillioz soluxma ilə xəstələnməsini gücləndirir. |
Ümumiyyətlə, xəstəliktörədici ekoloji amillərə qarşı tələbkarlığı ilə seçilir.
Vertisillioz soluxma ilə sirayətlənmiş bitkilər məhv olur. Xəstəliyin təsirindən günəbaxanın məhsul itkisi 55 faizə qədər yüksəlir.
Ədəbiyyat məlumatlarında göstərilir ki, günəbaxanın vertisilliozla yoluxması nəticəsində səbətlərin ölçüsü 16-25, bir səbətin məhsulu 19-48, toxumların kütləsi 11-24, toxumlarda yağın miqdarı 1-16 faiz azalır.
Mübarizə tədbirləri:
Növbəli əkin sisteminə ciddi əməl edilməlidir. Ən yaxşı sələf üçyarpaq yonca bitkisidir. Mineral qidalanma torpağın aqrokimyəvi analizinə uyğun yerinə yetirilməlidir. Davamlı sort və hibridlərdən istifadə edilməlidir. Səpinqabağı toxumlar dərmanlanmalı, yüksək aqrofon yaradılmalıdır.