Suvarılan sahələrdə torpağın becərilməsi işinə üst səthin hamarlanmasından başlamaq lazımdır (Şəkil 9.95). Hamarlama apardıqda səpin və səpinlərə qulluq işləri üçün yaxşı şərait yaranır. Günəbaxan suvarılarkən ərazinin nahamar olması sahədə suyun bərabər yayılmasına mane olur. Bəzi yerlərə su az yayılır, bəzi yerlərə isə həddindən çox su düşdüyündən torpaq çox rütubətlənir. Buna görə də torpaqların bərabər rütubətlənməsi üçün suvarılan sahənin hamarlanması lazım gəlir. Günəbaxan sahələrinin suvarılmaya hazırlanması işində hamarlamadan geniş istifadə olunur. Buna görə də yerüstü suvarma üsulu tətbiq edilən günəbaxan sahələrində torpağın hamarlanmasına diqqət yetirmək lazımdır. Suvarma əkinçiliyi şəraitində torpağın səthini hamarlamaq üçün ağır malalar, qreyderlər və digər alətlər işlədilir.
Torpağın düz hamar səthli olması üçün son zamanlar fırlanan lazer və nivelir lazer qebuledici malalayıcı aqreqatdan da istifadə edilir. Bu malalayıcı aqreqat fırlanan lazer işığının malalayıcı aqreqat üzərindəki qəbuledici tərəfindən tutulması prinsipi ilə işləyir. Lazer işığı müəyyən hündürlükdə qurulur. Traktorun aqreqatına qoşulmuş hidravlik malalayıcı traktorla hərəkət edərək lazer işığının hündürlüyündən aşağı və yuxarı torpaq səthlərini malalayaraq hamarlayır (Şəkil 9.96). Hamar səthli torpaq sahəsində həm suvarma suları, həm də gübrələr bərabər səviyyədə paylanır, bitkilər isə eyni bərabər səviyyədə inkişaf edir.
Suvarılan torpaqlarda şorlaşmanın və bataqlaşmanın qarşısını almaq üçün sahənin səthi hamarlanmalıdır ki, suvarmalar keyfiyyətlə yerinə yetirilsin. Hamarlama aparılmaqla yüksək norma ilə suvarmanın mənfi təsirinin - relyefin çökək yerlərində suyun toplanması nəticəsində bataqlaşma və şorlaşma, habelə su eroziyasının baş verməsinin qarşısı alınır. Hamarlama, həmçinin, tarla işlərinin mexanikləşmə səviyyəsini yüksəldir və bu da əməyin məhsuldarlığının artırılmasına imkan verir. Hava-su rejimi yaxşılaşdırılmaqla torpağın becərilməsi mikrobioloji proseslərin fəallaşmasına, su və mineral maddələrin yaxşı istifadə olunmasına səbəb olur, nəticədə suvarılan torpaqların münbitliyi yüksəlir.