Ən üst buğumdan isə süpürgə əmələ gəlir. Qalan buğumlardan yarpaq, bir neçə buğumdan isə qıça əmələ gəlir. Qıça sayı adətən 1-3 ədəd ola bilər (Şəkil 1.10). Süpürgədə qarğıdalının erkək çiçəkləri əmələ gəlir (Şəkil 1.11). Qıçada isə dən və hər dəni tozlayacaq dişi çiçəklər var (Şəkil 1.12).
Qarğıdalı 9 botaniki qrupa (bərk, dişə bənzər, nişastalı, partlayan, şəkərli, nişastalı-şəkərli, yarımdiş, mumabənzər və pərdəli) bölünür. Azərbaycanda bərk qarğıdalı sortu daha çox əkilir. Qarğıdalı dənində 60-70 faiz karbohidrat, 9-12 faiz zülal, 4-6 faiz yağ olur. Sütül yetişkənlik dövründə yığılmış hər 100 kiloqram qarğıdalı dənində orta hesabla 70 kiloqrama qədər nişasta, 13 kiloqram zülal və 5-6 kiloqram yağ vardır.
1.2. İstifadə imkanları
Bu bitkinin xalq təsərrüfatında istifadə istiqamətləri çoxsahəlidir. Onun dənindən un, yarma və konserv (Şəkil 1.13) hazırlanır. Sənayedə qarğıdalı dənindən nişasta, etil spirti, şəkər, bal, yağ, E vitamini, askorbin və qlütamin turşuları alınır. Bitkinin gövdəsindən və yarpağından kağız, linoleum (Şəkil 1.14), şüşə qablar üçün süni tıxaclar (Şəkil 1.15), plastik kütlə və başqa məmulatlar da hazırlanır.
Qarğıdalı dəni qaramal və quş üçün ən qiymətli yemdir. Bir kiloqram quru dəndə 1,34 yem vahidi və 78 qram həzm olunan protein vardır. Dənindən həm də qarışıq yem istehsalında istifadə olunur. Bu bitkidən çox keyfiyyətli silos alınır və qiymətli, qüvvəli, şirəli yem kimi istifadə edilir. Qarğıdalı silosu yaxşı həzm olunmaqla yanaşı, həm də pəhriz xüsusiyyətinə malikdir. Vitaminlərin sayına görə qarğıdalı yem bitkiləri arasında əvəzolunmaz yer tutur (Şəkil 1.16, Şəkil 1.17).
Bir sələf bitkisi kimi də qarğıdalının əhəmiyyəti böyükdür. Ölkəmizin cənub rayonlarında gecikmiş və ya təkrar səpinlə qarğıdalının eyni sahədən bir ildə iki dəfə və daha artıq məhsulunu yığmaq mümkündür.