Növbəli əkinin bir neçə illik sxemi qurulur, və hər il bu sxemə əməl olunur (Şəkil 2.9). Növbəli əkin sisteminin sxemi, (tarlaların sayı) yerli torpaq iqlim şəraitindən, əsas məhsul istehsalı istiqamətindən asılı olaraq geniş miqyasda dəyişə bilər. Elə bu səbəbdən də növbəli əkin taxılçılıq, yemçilik və tərəvəzçilik istiqamətli ola bilər. Qarğıdalı üçün bir neçə sxem qurmaq olar, məsələn:
1. Qara herik - payızlıq buğda - qarğıdalı;
2. Noxud - qarğıdalı - payızlıq buğda;
3. Qarğıdalı - noxud - qarğıdalı (Şəkil 2.9);
4. Çoxillik otlar - payızlıq buğda - qarğıdalı.
Tam qarğıdalı dövriyyəli əkin sxemi də qurmaq olar. Adətən bu növ dövriyyə heyvandarlıqla məşqul olan fermer təsərrüfatları üçün yararlıdır. Misal üçün növbəli əkin sxemi:
1. Qarğıdalı - qarğıdalı - qarğıdalı - noxud;
2. Qarğıdalı - qarğıdalı - silosluq;
3. Qarğıdalı - payızlıq buğda.
Növbəli əkinin sxemi hazırlanıb tətbiq edilərkən, mütləq nəzərdə saxlamaq lazımdır ki, hər dövriyyədə alaqlarla mübarizə üçün herbisidlərdən istifadə və bütün aqrotexniki tədbirlər dəqiqliklə yerinə yetirilməlidir.
Qarğıdalını arpadan sonra dən, buğdadan sonra silos üçün, paxlalı bitkilər, gülül, şənbələ, yem noxudunu isə buğdadan sonra torpağın münbitliyini yüksək səviyyədə saxlamaq üçün yaşıl gübrə, yem məqsədi ilə becərmək olar.
2.5. Səpin üçün torpağın hazırlanması
Əkin üçün ayrılan sahələr peyin (Şəkil 2.11) və mineral gübrələr verildikdən sonra 27-30 santimetr dərinlikdə dondurma şumu edilməli (Şəkil 2.12) və sonra arat edilməlidir.
Yazda iş üçün sahəyə çıxmaq mümkün olan kimi dondurma şumlarının malalanması həyata keçirilməlidir (Şəkil 2.13). Bütün suvarılan torpaqlarda yüngül hamarlama işi həyata keçirilməlidir.