3. Toxum və ona olan tələblər
Respublikamızda torpaq-iqlim şəraitinin çox fərqli olduğunu nəzərə alsaq, qarğıdalının əkin tarixi və toxuma tələbləri fərqlidir. Yüksək məhsul almağın əsas şərtləri:
3.1. Qarğıdalı dəni və növmüxtəlifliyi
Qarğıdalı dəninin tərkibini dən qabığı, aleyron, rüşeym və endosperm təşkil edir.
Dən qabığı - ağ, açıq sarıdan tünd sarıyadək, qırmızı, qəhvəyi, qara rəngdə olur (Şəkil 3.1).
Aleyron - sıx, nazik hüceyrə təbəqəsidir, ağ, sarı, göy, qəhvəyi və qara rəngdə olur. Endosperm isə, adətən, ağ və ya sarı rəngdə olur. Dənin rəngi dən qabığı, aleyron təbəqə və endospermin rəngindən asılıdır. Əgər qabıq rəngsiz və şəffafdırsa, dənin rəngi aleyron təbəqə ilə endospermin rənginə uyğun olacaq. Əgər perikarp (dən qabığı) rənglidirsə, dənin də rəngi ona uyğun olacaq.
Endosperm - toxumun ən vacib hissəsidir, çünki o, toxumun cücərməsi və cavan bitkinin qidalanması üçün lazım olan ehtiyat qida maddələrinin deposudur. Endospermin tərkibini, əsasən, nişasta təşkil edir. Toxum cücərdikdə ilk rüşeym kökcüyü və gövdə əmələ gələndə bu nişasta şəkərə çevrilərək qida maddəsi kimi istifadə olunur. Bitki içərisində, qıçalarda dənin yetişməsi yuxarıdan aşağıya doğru baş verir.
3.1.1. Qarğıdalı dəninin quruluşu və növmüxtəlifliyi
Qarğıdalı, latın adı Zea mays. L. dənin tipinə, quruluşuna və kimyəvi tərkibinə görə 9 yarımnövə bölünür. Onlardan 6-sı fərqli görünüşə malikdir (Şəkil 3.2).