3.1.1.1. Qəhvəyi qarğıdalı - İndurata Sturt
Dəni bərkdir, yumru formadadır. Endospermi şüşəvaridir, yalnız mərkəzi hissəsi un halındadır. Tərkibində 65-83 faiz nişasta, 7.7-14.8 faiz zülal vardır. Vegetasiya müddətinə görə çox müxtəlifdir. Həm tezyetişən, həm də gecyetişən formaları mövcuddur. Əlamətlərindən biri də odur ki, gövdəsi adətən, çoxlu yan budaqlar əmələ gətirir (Şəkil 3.3).
3.1.1.2. Partlayan qarğıdalı - Everta Sturt
Xırda dənli olması ilə fərqlənir. Dəni şüşəvari qəhvəyi qatla tam doludur. 20 faiz nəmliyi olan dənləri qovuranda şişərək partlayır (nəmişlikdən əmələ gələn buxarın təsiri ilə). Bu zaman endospermin yumşaq kütləsi açılaraq çölə çıxır. Dənin tərkibində 10-14.5 faiz zülal vardır. Əsasən, yarma və səhər yeməyi hazırlamaq üçün istifadə olunur. Nişastanın dəndə miqdarı 62-72 faiz təşkil edir (Şəkil 3.4).
3.1.1.3. Dişəbənzər qarğıdalı - İndentata Sturt
Dəni uzunsov, çüyə oxşayır və yanlardan bir az batıq (çuxurlu) formada olması ilə fərqlənir. Tərkibində 68-75.5 faiz nişasta, 8-13.5 faiz zülal vardır. Dünya istehsalında əsas yeri məhz dişəbənzər qarğıdalı tutur. Bu yarımnövdə tezyetişən sortlar demək olar ki, yoxdur. Ağ və sarı dənli növləri çox yayılmışdır. Bitki çox güclüdür, gövdəsi az budaqlanır, qıçaları iri və uzunsovdur (Şəkil 3.5).
3.1.1.4. Şəkərli qarğıdalı - Saceharata Sturt
Özünəməxsus yarımşəffaf qarışıqlı şəffaf endospermlə dolu dəni ilə fərqlənir (Şəkil 3.6). Süd yetişmə fazasında dəndə şəkərin miqdarı 15-18 faizə çatır, dən yetişdikcə onda sadə şəkərlər nişastaya çevrildiyinə görə onların miqdarı azalmağa məruz qalır. Yetişmiş dəndə 60.8 faiz nişasta, 12.8 faiz zülal və 8.1 faiz yağ olur. Şəkərli qarğıdalı tərəvəz bitkisi kimi becərilir. Yetişmiş dənlər (süd yetişməsində) qıçalar şəklində bişirilməklə və konservləşdirilmiş halda qida kimi istifadə edilir. Bitkiləri başqa növlərdən fərqləndirən cəhətlərdən biri də onların çoxgövdəli olmasıdır.