4.5.1. Qarğıdalının sulanma üsulları
Qarğıdalının sulanması üç üsulla həyata keçirilir:
1. Damlama üsulu ilə;
2. Çiləmə üsulu ilə;
3. Arx sistemi ilə.
Bəzi təsərrüfatlarda damlama və ya çiləmə sistemi ilə suvarmalar aparılır.
Damlama sistemi - su təchizatı zəif olan təsərrüfatlar üçün ideal seçimdir. Bu üsulda su israfının qarşısı alınır (Şəkil 4.28).
Çiləmə üsulu - bu üsul modern sistem sayılır (Şəkil 4.29) və bəzi təsərrüfatlarda istifadə olunur. Ancaq bu sistemin mənfi cəhətləri var. Bu üsulun qarğıdalı vegetasiyasının bütün dövrlərində istifadə olunması bəzi problemlərə səbəb ola bilər. Yetişmənin son fazalarında çiləmə suvarma bitki yarpaqlarında və başqa orqanlarda deşilmələrə, parçalanmalara səbəb olur. Bundan başqa çiçəkləmə zamanı tozlanmanın və döllənmənin qarşısını alaraq məhsul itkisini yaradır. Daha bir səbəb isti havalarda çiləmə üsulu ilə suvarma bir çox xəstəliklərə səbəb olur. Bu üsulla sahələri suvarılmadan cıxış üçün və bitkilərin 50-60 santimetr hündürlükdə olana qədər istifadəsi qənaətbəxşdir. Süpürgələrin əmələ gəlməsindən əvvəl və sonrakı dönəmlərdə arxlarla sulama aparmaq lazımdır.
Arx sistemi ilə suvarma - ən əlverişli üsul sayılır (Şəkil 4.30). Dib doldurmada traktorlarla arxlar açılaraq birbaşa suvarma aparılır. Bu üsulun istifadəsi zamanı su bitkinin üst təbəqələri ilə təmas etmədiyi üçün və azotlu gübrənin daha yaxşı torpağa keçməsinə səbəb olduğuna görə ən optimal suvarma üsulu sayılır. Buna görə dib doldurmadan sonra arxlar açılmalıdır. Arxlar
çox uzun olmamalıdır, onlar sahə uzunluğunda deyil bitkiyə su çatacaq dərəcəyədək açılır. Arxların uzunluğu su miqdarına, torpaq tərkibinə görə 100-150 metr olmalıdır. Qarğıdalı sulanarkən arxlar su ilə dolmalıdır. Suyu israf etmək olmaz. Verilən su bir neçə saata tam torpağa hopmalıdır.