4.5.2. Suvarmada diqqət veriləcək məqamlar
- Suvarılacaq torpaqlar kotanla payızda dərin şum edilməlidir;
- Mütəmadi olaraq əkilmiş qarğıdalılar suvarılmalıdır. Diqqət etmək lazımdır ki, torpaq nəmliyi 50 faizə düşdükdə yenidən normal hala gətirmək üçün sahələr suvarılsın;
- Əgər qarğıdalı əkini aparılacaq torpaq dağ ətəyində əyri sahədədirsə, əkinləri əyriliyə perpendikulyar olaraq cərgələrdə aparmaq lazımdır ki, suvarmadan sonra yatma olmasın;
- Suvarmadan əvvəl qarğıdalıların boyu 25-30 santimetr hündürlüyə çatanda cərgə aralarında qaz ayağı ilə (traktorlarla) şırımlar açılmalıdır;
- Suvarma əsnasında bitki dibinə suyun normal hopmasını dəmir çubuqla qazaraq yoxlamaq lazımdır;
- Diqqət etmək lazımdır ki, cərgədəki bütün bitkilər sonadək normal su qəbul etsin;
- Suvarma tətbiq edilən torpaqdakı orqanik gübrə ehtiyatı tez tükənir və torpağın fiziki xüsusiyyəti pisləşir. Buna görə belə torpaqlara mütəmadi olaraq peyin və ya yaşıl gübrə verilməlidir;
- Suvarmada göllənməyə yol vermək olmaz. Əgər sahədə göllənmə baş veribsə sahənin hansısa ərazisində mütləq drenaj sistemi qurulmalıdır. Çünki göllənmə baş verdikdə su bitki köklərinin nəfəs almasına əngəl yaradır və bitkilər saralıb ölür;
- Sulama suyunun keyfiyyəti də mühüm şərtdir. Çox duzlu, sənaye tullantıları ilə çirklənmiş sular suvarma üçün yararsızdır;
- Uzun müddət göllənmə suvarmada yararsızdır. Belə suvarma torpağın duzlaşmasına səbəb olur.
Sərbəst iş üçün tapşırıqlar
- Məhsul faktorlarını diqqətlə təhlil edin.
- Mineral və orqanik gübrələrin tərkib hissəsi və verilmə dövrlərini təhlil edin.
- Bitki mühafizə tədbirlərini öyrənin.
- Qarğıdalı əkinləri üçün zərərli alaq bitkiləri və onlarla mübarizə tədbirlərini öyrənin.
- Qarğıdalının xəstəlik və ziyanvericiləri haqda geniş məlumat toplayın.
- Mətndən xəstəlik və ziyanvericilərlə mübarizə etmək üçün tətbiq ediləcək kimyəvi dərmanları təhlil edin. Onların tərkib hissəsi haqda məlumat toplayın.
- Bitki tərkibini təhlil edin.
- Suvarma menecmentini təhlil edin.