Alimlər belə qənaətə gəliblər ki, cücərtilərin əmələ gəlməsi və süpürgələrin çıxması fazalarının arasındakı interval yetişmə dövrünün təyini üçün çox vacib meyardır. İsti hava və lazımi nəmlik bu intervalı qısaldır. Qarğıdalı saçaqlarının əmələ gəlməsi və qıçaların yetişməsi arasındakı interval daimidir (Şəkil 5.1). Buna görə də yetişmə dövrünün vaxtını, artıq saçaqlar əmələ gələndə, qabaqcadan təsbit etmək mümkündür. Belə ki, əgər tarladakı qarğıdalıların saçaqlarının əmələ gəlmə tarixinin orta rəqəmi bilinirsə, bu rəqəmə əlavə 50 günü də əlavə edərək yetişmə dövrünün təqribi tarixini öyrənmək olar (Şəkil 5.2).
5.1.1. Qarğıdalının yetişmə fazaları
Ümumilikdə qarğıdalının yetişmə fazaları bunlardır: (Şəkil 5.3)
Şəkərli növmüxtəlifliyinə aid olan qarğıdalıları adətən konservləşdirmə və qida məqsədi ilə artıq ikinci fazada yığmaq mümkündür. Yəni süd-mum yetişkənlik fazasında. Dənlik qarğıdalı tam yetişkənlik dövründə yığılır. Silos üçün qarğıdalının da yığımı üçün süd-müm yetişkənlik dövrü münasibdir. Gec yığıldıqda gövdə və yarpaqların qidalılığı xeyli aşağı düşür. Bioloji kütlə kobudlaşır və siloslamaq üçün yaramır.
Qarğıdalı başqa dənli bitkilərdən fərqli olaraq, yetişdikdə dənlərini tökmür. Dənlik qarğıdalının adətən yığımı bitkinin fizioloji yetişmə dövründə, qıça nəmliyinin 30-40 faizə çatdıqda başlanır. Məhsulun əsas hissəsini 25-35 faiz nəmlikdə yığmaq olar. Əgər dən tam yetişməyibsə, ancaq soyuqlar başlayırsa, onda 40-45 faiz nəmlikdə belə yığımı başlamaq lazımdır ki, daha çox itki baş verməsin. Nəzərə almaq lazımdır ki, yüksək nəmlik faizində yığım aparıldıqda dən daha çox zərər görür.
Yüksək nəmlikdə dənlik qarğıdalını yığmaq düzgün deyil, çünki bu halda qarışıqların, rüşeymi zədələnmiş, əzilmiş, qırılmış dənlərin sayı artır və dənlərin əmtəəlik vəziyyəti pisləşir. Hesablamalar göstərir ki, yığım vaxtı qarğıdalı nəmliyi 1 faiz azaldıqda dənin zədələnməsi 2.2 faiz azalır. Nəmlik 30 faiz olduqda isə qırıq dənlərin sayı 10 faiz təşkil edir.
Yığım iki həftəyə bitirilməlidir. Məhsul itkisinə yol verilməməsi üçün səpin zamanı fərqli vegetasiyalı hibrid və sortları seçmək lazımdır.