Birinci halda kombaynlarla dən yığılır və sonrakı mərhələdə yığımdan sonrakı təmizliyə, qurudulma və saxlama prosesinə məruz qalır. İkinci, ayrı - ayrı yığım isə ikifazalı sistemdir. Birinci fazada erkən tam yetişkənlik fazasında gövdələr biçilir və tığlara yığılır. İkinci fazada 7-10 gündən sonra, tam yetişdikdən sonra, tığlardakı gövdələrin qıçalarını dən döyən kombaynlarla döyürlər.
Qıçaların yığımından sonra qəbul məntəqələrində yığımdan sonrakı təmizlik işləri aparılır (üz yarpaq qalıqlarının təmizlənməsi, dənin döyülməsi, zibillərdən təmizlənməsi, süni və ya mexaniki qurutma sistemi ilə təchiz olunmuş anbarlarda yerləşdirilməsi). Bu proseslər zamanı az itki verilərək qarğıdalı yığılır, çünki zibil qarışığı, dən qırığı çox az faizdə olur.
5.2.1.1. Yığım kombaynları
Qarğıdalı qıçalarının sahədən yığılması üçün xüsusi kombaynlardan istifadə olunur. Məsələn, özüyeriyən qarğıdalı yığan 6 - cərgəli kombayn PKK - 6 (ПКК-6) (Şəkil 5.13), kombayn KP-6 (КП-6) (Şəkil 5.14) və s. Lakin qıçalar yığıldıqdan sonra anbarlara aparılır qurudulur və orda növbəti etapdan - döyümdən keçir. Bunun üçün də xüsusi maşınlar və köməkçi aqreqatlardan istifadə olunur. Məsələn qıça təmizləyənlər OPP-5,0 və OP-15 (ОПП-5,0 və ОП-15), dən döyənlər MKP-3,0 (Şəkil 5.15) və MKP-12 (МКП-3,0, МКП-12), və qıçaötürənlər TPK-20 (ТПК-20).
Qəbul məntəqəsinə gətirilmiş qıçalar qəbul bunkerinə yerləşdirilir, oradan qıçaötürənlərlə qıçatəmizləyən aparata ötürülür. Təmizləyən aparatda qıçaları örtən yarpaqlar təmizlənir, zəif inkişaf etmiş qıçalar qırağa atılaraq çıxdaş edilir.