Silosu üstü açıq qoymaq olmaz. Çünki bu zaman xəndəyə hava dolar, beləliklə də silos kiflənib yararsız hala düşər. Adətən kiflənmə zamanı kifin qalınlığı 10-20 santimetr təşkil edir. Kiflənmə zamanı silosda qızışma gedir və xəndəkdəki silosun tərkibində dəyişiklər baş verir, zəhərli qazlar əmələ gəlir. Bu o deməkdir ki, ən yüksək keyfiyyətli silos belə üstü açıq halda 5-6 ay qaldıqda yem, aşağı keyfiyətə və ya tam yararsız hala düşür.
Xəndəkləri çadırlarla tam basdırdıqdan sonra üstü işlənmiş təkərlərlə örtülür (Şəkil 5.31). Bundan başqa çadırların üstü torpaq (8-10 santimetr) və torf (20-25 santimetr) təbəqəsi ilə də örtülə bilər. Silos 25-30 gündən sonra hazır olacaq.
Metodikaya uyğun hazırlanmış keyfiyyətli silos yaşıla, sarıdan-tünd qəhvəyiyə çalan rəngdə olur. Daha bir göstərici silosdan təzə bişmiş çörək və ya alma ətri gəlməlidir. Əgər silosdan sirkə, ammonyak (peyin iyi) iyi gəlirsə və rəngi kirli yaşıla çalırsa, demək silos xarab olub. Peyin iyli silos yem üçün tamamən yararsızdır.
Silosu çıxardanda üstü ehtiyatla açılır (polietilen örtük) və bir kənardan lazımı qədər götürülür. Qalan hissənin üstü yenidən basdırılır. Xəndək tam boşaldıqdan sonra, silos qalıqlarından təmizlənib yenidən istifadə üçün dezinfeksiya edilməli və divarları əhənglə ağardılmalıdır.
Sərbəst iş üçün tapşırıqlar