4.4. Bitki tərkibinin qiymətləndirilməsi. Keyfiyyət göstəriciləri
Ərzaq məqsədilə tədarük olunan və satışa gedən təzə kartof məhsulu qəbul olunmuş mövcud standartların tələbatına cavab verməlidir.
Qəbul olunmuş mövcud standartlara əsasən ərzaqlıq kartof bütöv, quru, təmiz, sağlam, cücərməmiş, büzüşməmiş, sortun botaniki xüsusiyyətlərinə, rənginə, iyinə, dad keyfiyyətinə uyğun gəlməlidir. Gecyetişən kartof sortlarının qabığı möhkəm, bərk, eyni forma və rəngə malik olmalıdır.
Standarta əsasən kartof yumruları dəyirmi, oval və uzun formada olur. Faraş kartof yumrularının ortadan diametri dəyirmi oval sortlarda 30 millimetrdən, uzunsov sortlarda isə 25 millimetrdən aşağı olmamalıdır. Gec yetişən kartof yumrularının diametri uzunsov sortlarda 30 millimetrdən az, dəyirmi oval formalı sortlarda isə 35-45 millimetrdən aşağı olmamalıdır. Lakin standart dəyirmi-oval formalı kartof yumrularının içərisində diametri 10 millimetrədək, uzun kartof sortlarının içərisində isə 20 millimetrədək olan yumrular ümumi kütlənin 5 faizindən artıq olmamalıdır. Standart kartof yumrularının içərisində cücərmiş, yaşıllaşmış yumrular ümumi kütlənin 2 faizindən, 5 millimetr dərinə və 10 millimetr uzununa mexaniki zədələnmiş yumrular isə 5 faizdən çox olmamalıdır.
Ərzaq üçün nəzərdə tutulmuş standart kartof yumrularında torpağın, bitki qalıqlarının və digər tullantıların miqdarı ekstra sortlarda 1 faizdən, 1-ci sinif sortlarda 2 faizdən çox olmamalıdır. Kartof yumruları xəstəlik törədiciləri ilə yoluxmamalı və zərərvericilər tərəfindən zədələnməməlidir, sort qarışığına isə yalnız 2 faizdən çox olmamaq şərtilə icazə verilə bilər. Qara ləkəlilik xəstəliyi 5-8 faizdən, dəmgil, osporioz 1-2 faizdən (sortdan asılı olaraq), fitoftorozla daha çox yoluxmuş bölgələrdə gecyetişən kartof sortlarında bu xəstəliyə yoluxma isə 2 faizdən çox ola bilməz. İxrac və idxal olunan kartof məhsulları yalnız mövcud standartlara uyğun qaydalar əsasında həyata keçirilə bilər.
Kartof yumruları aşağıdakı hallarda satışa yararsız hesab edilir:
Emal məqsədi üçün ayrılmış kartof yumrularının tərkibində nişastanın miqdarı 13-16 faiz, konserv hazırlanmasında isə 14 faiz olmalıdır.