5.2.1. Yığım texnikası
Yığım texnologiyası torpağın növündən, sahənin böyük-kiçikliyindən, relyefindən, proqnozlaşdırılan məhsuldarlıqdan, istehsal təyinatından və təbii şəraitdən asılıdır. Yüngül mexaniki tərkibli qumsal torpaqlarda ağır, daşlı, tullantılı torpaqlara nisbətən kartof yığımı daha asanlaşır və itkilər azalır. Kartofun yığımı bir neçə mərhələdə həyata keçirilir.
Kartof məhsulunun toplanması aşağıdakı üsullarla həyata keçirilir:
Məhsulun əl ilə yığılması zamanı kartof yumruları bel və ya digər qazma aləti ilə torpağın üzərinə çıxarılır, sonra əl ilə çuvallara doldurulur. Yarımavtomat üsulda kartof yumruları maşının qazıcı qurğusu ilə torpaqdan çıxarılır və kök yumruları tarla səthində saxlanılır.
Tam avtomat üsulda isə kartof yumruları maşının qazıcı aləti ilə torpaqdan çıxarılır və müəyyən qurğulardan keçirilərək tağlardan və torpaqdan ayrılır. Hərəkətlərinə davam edən kökyumruları maşın üzərində quraşdırılmış bir anbarda toplanır və ya maşın ilə birlikdə hərəkət edən depolama qurğusu üzərinə boşaldılır (Şəkil 5.13).
Kiçik kartof əkini sahələrində məhsul yığımı bircərgəli qazıcı aqreqatlarla, böyük sahələrdə isə ikicərgəli və 4 cərgəli kartofyığan aqreqatlarla yerinə yetirilir.
Tutumu 3 ton olan müasir kartofyığan kombaynla bir mövsümdə 50 hektar sahənin məhsulunu toplamaq mümkündür.