5.3. Kartofun saxlanma üçün hazırlanması
Kartof yumrularının tərkibində 70-85 faiz suyun olması məhsulun uzun müddət saxlanmasında bir sıra problemlər yaradır.
Belə ki kartofu uzun müddət saxladıqda yumrularda maddələr mübadiləsi gedir, tənəffüs, buxarlanma və cücərmə prosesləri baş verir, nəticədə xeyli itki yaranır.
Kartof yumrularının saxlanma şəraitindən, bitkinin sort xüsusiyyətindən və digər amillərdən asılı olaraq baş verən itkilər fərqli ola bilər.
Bu baxımdan kartof yumrularını uzun müddət saxlamaq üçün mövcud qaydalara ciddi riayət edilməlidir. Sortlaşdırılmazdan əvvəl kartof yumruları 120C temperatur şəraitində saxlanmalıdır ki, yumruların daxilində qara ləkələr əmələ gəlməsin və çürümə prosesi getməsin.
Kartofu saxlamaq məqsədi ilə nəql etməzdən əvvəl, ilk növbədə, yumrular xüsusi çeşidləyici qurğular (Şəkil 5.14) vasitəsi ilə və yaxud adi üsulla (Şəkil 5.15) ölçülərinə görə çeşidlənməli, zədələnmiş, xarab yumrulardan, qırıntı və digər tullantılardan təmizlənməlidir. Çeşidləmə məqsədilə hazırda müasir qurğulardan istifadə olunur. Saxlanmaya tələb olunan soyuducu anbarların tutumunu bilmək üçün, ilk növbədə, 1 kub metrə yığılan kartofun kütləsini təyin etmək lazımdır. Kartofun sort xüsusiyyətindən, yumruların iriliyindən, tərkibində olan suyun miqdarından və digər göstəricilərindən asılı olaraq 1 kub metrə, adətən, 650-750 kiloqram kartof yığmaq olur.
Saxlanma zamanı yetişməmiş, qabığı tam bərkiməmiş kartof yumruları ümumi kütlənin 1 faizindən, nəmli və çürümüş yumrular 0,5 faizindən, mexaniki zədələnmiş yumrular isə 5 faizindən çox olmamalıdır. Tökmə üsulu ilə kartofu saxladıqda əlavə qarışıqların 20 faizi, (o cümlədən, kiçik torpaq hissələrinin 5 faizi), konteynerlərdə saxlandıqda isə 15 faizi ötməməlidir.