Birbaşa tökmə üsulu ilə saxlanma zamanı hava şəraitindən asılı olaraq kartof yumruları 2-4 gün ərzində havalandırılmalıdır (Şəkil 5.20). Kartofu ərzaq konteynerlərində saxladıqda bu əməliyyat bir qədər əvvəl yerinə yetirilir. Bu zaman ən həlledici amil nəmliyə mütəmadi nəzarət edilməsidir. Kartof yumrularının təzə əmələ gəlmiş qabığı quruyan zaman havalandırma işi dərhal dayandırılmalıdır. Həddindən artıq havalandırma zədələnmiş yumruların bərpasını (sağalmasını) ləngidir, yumruların çəkisini azaldır, quru çürümə xəstəliyini sürətləndirir, artıq enerji sərfinə və lüzumsuz xərclərə səbəb olur.
Dünya ölkələrinin təcrübəsi göstərir ki, 170C temperatur şəraitində və (nisbi nəmlik 98 faiz olduqda) zədələnmiş yumruların bərpası 12 gündən sonra başa çatır. Temperatur şəraiti 140C olduqda bu proses 30 gün çəkir və bu da olduqca çoxdur. Bu zaman ən optimal şərait yüksək nisbi nəmlik və 150C temperatur şəraiti sayılır və nəticədə yumruların bərpası 10-14 gün çəkir.
5.4.2. Soyudulma fazası
Bu faza saxlanma zamanı ən həlledici mərhələ olub soyuducuda temperaturun optimal səviyyəyə, yəni 2-4 dərəcəyə endirilməsindən ibarətdir. Bu zaman temperaturun kəskin surətdə dəyişilməsinə yol verilməməlidir. Belə ki kartof yumruları saxlanmağa hazır olan vaxt temperaturu 60C-dək endirmək lazımdır və bu şərait ətrafda temperatur aşağı düşməyənədək davam etsin. Havanın hərarəti aşağı düşdükdə saxlanma yerində temperaturu yenidən 2-40C səviyyəsində nizamlamaq lazımdır. Bu rejim toxumluq və ərzaqlıq kartofu uzun müddət saxlamaq üçün xüsusilə vacibdir.
5.4.3. Əsas saxlanma fazası
Saxlamanın bu mərhələsində ən vacib şərt temperatur rejiminin və nisbi nəmliyin optimal səviyyədə nizamlanmasıdır. Kartof sortlarının yumrularında cücərtilərin əmələ gəlməsi, əsasən, 50C-dən aşağı temperatur şəraitində, bəzi sortlarda isə 30C temperaturda dayanır (Şəkil 5.21).