6. Şəkər çuğundurunun inkişaf mərhələləri və iqtisadi əhəmiyyəti
Tədqiqatlarla müəyyən edilmişdir ki, şəkər çuğunduru yabanı halda bitən, yarpaq çuğundurundan (Monqold növmüxtəlifliyindən) əmələ gəlmişdir (Şəkil 6.1). Birinci dəfə şəkər çuğundurunun yarpaq forması mədəni hala salınmış, sonra (XVIII əsr) kökümeyvə formasına keçilmişdir. Şəkər çuğundurunun müasir mədəni növlərinin hamısı Aralıq dənizin Avropa və Afrika, Atlantik okeanı, Qara dəniz və Xəzər dənizi sahillərində məkan salmış yabanı növlərdən yaranmışdır. Zaqafqaziyanın özündə də belə yabanı növlər mövcuddur. Bu növlərin hamısından əvvəl çuğundurun yarpaq forması adlanan manqolddan istifadə edilmişdir. Bu növ dərman bitkisi kimi istifadə olunmuşdur. Dəclə və Fərat çayları vadilərində yaşayan insanlar bu bitkinin yarpaqlarından müxtəlif xörəklər hazırlayırlarmış. Çuğundurun kökümeyvə kimi becərilməsinə XVIII əsrin əvvəllərindən başlanılmışdır.
6.1. Şəkər çuğundurunun iqtisadi əhəmiyyəti
Şəkər çuğunduru öz başlanğıcını ağ tərəvəz çuğundurundan götürmüşdür ki, o da az məhsuldar yarpaq çuğunduru ilə məhsuldar yem çuğundurunun çarpazlaşdırılması yolu ilə alınmışdır. Onun mədəni bitkilər sırasına daxil edilməsi XVII əsrin ikinci yarısına təsadüf edir. Yabanı çuğundur bitkilərinə Kiçik Asiya, Zaqafqaziya, Aralıq dənizi, Xəzər dənizi və Qara dəniz sahillərində rast gəlinir. Bu bitkinin becərilməsinə eramızdan 1500-2000 il əvvəl başlanılmışdır.
Asiya qitəsində çuğundurun kökümeyvəli formaları bizim eradan əvvəl I minillikdə peyda olmuşdur. Çuğundurun kökümeyvəli formasının Avropaya keçməsi bizim eranın X-XIII əsrlərinə təsadüf edir.
Çuğundurda saxaroza olduğunu 1747-ci ildə Markqraf (Almaniya) qeyd etmişdir. Şəkər çuğundurundan zavod üsulunda şəkər istehsalına başlamaq təklifini 1799-cu ildə Axard vermişdir. Şəkər çuğundurundan şəkər istehsal edən birinci şəkər zavodu 1801-ci ildə Almaniyada tikilmişdir. Rusiyada ilk dəfə 1792-ci ildə Moskva universitetinin professoru İ. Bindqeym kökümeyvəli çuğundurdan şəkər almağı təklif etmişdir. M. Q. Pavlov (1792-1840) çuğundurun Moskva ətrafında becərilməsinin mümkünlüyünü sübut etmişdir. 1802-ci ildə Rusiyada Tula quberniyasının Alyabevo kəndində Yesipov tərəfindən ilk şəkər zavodu tikilmişdir.